Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımalar artır – İllik gəlir AÇIQLANDI
Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayan ölkələrdən biridir və bu istiqamətdə həyata keçirilən layihələr bölgədən keçən yüklərin həcminin artmasına səbəb olur.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində qeyd etdiyi kimi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır və həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən, eyni zamanda bu marşrutlara investisiya yatıran yeganə ölkədir.
Deputatın sözlərinə görə, Azərbaycanın bu istiqamətdə gördüyü işlər ölkə üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxarıb. Belə ki, 2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsilə daşınan yüklərin həcmində kəskin artım qeydə alınıb. 2024-cü ildə bu dəhlizlə Azərbaycan üzərindən 394,2 min ton yük daşındığı halda, 2025-ci ilin yekunlarında göstərici 533,6 min tona yüksəlib. Bu isə Cənub-Qərb dəhlizi üzrə yükdaşımaların 35 faiz artması deməkdir.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi üzrə də regionun əsas tərəfdaşlarından biri olaraq qalır. Onun sözlərinə görə, 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə ümumilikdə 16 milyon 909 min ton yük daşınıb. Bunun 8 milyon 173 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin, 9 milyon 289 min tonu Şimal-Cənub nəqliyyat dəhlizinin, 5 milyon 804 min tonu isə Şimal-Qərb nəqliyyat dəhlizinin payına düşüb. Deputat əlavə edib ki, qlobal geosiyasi təhdidlərə baxmayaraq, 2025-ci ildə Şərq-Qərb marşrutu üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə stabilliyini qoruyub saxlayıb.
Deputatın açıqlamasına görə, Azərbaycanın yükdaşımalarından əldə etdiyi gəlirlərdə ən böyük pay Şərq-Qərb nəqliyyat dəhlizinə məxsusdur. Bu dəhliz üzrə gəlir 324,4 milyon manat təşkil edib. Şimal-Cənub dəhlizi üzrə gəlir 128,7 milyon manat, Şimal-Qərb dəhlizi üzrə 113,2 milyon manat, Cənub-Qərb dəhlizi üzrə isə 190,7 min manat olub.
Vüqar Bayramov vurğulayıb ki, beləliklə, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımalarından illik ümumi gəliri 566,5 milyon manata çatır. Onun sözlərinə görə, bu göstərici beynəlxalq tranzit daşımalarının qeyri-neft sektorunun inkişafında və dövlət büdcəsinə daxilolmaların artırılmasında mərhələli şəkildə daha böyük paya malik olduğunu göstərir.
Vüsalə










