Bazarlarda yeni mərhələ: Dollar üzərində təzyiq artır
Müharibədə gərginliyin azalacağına dair gözləntilər dollar üzərində təzyiq yaratdığı halda, Yaponiyanın yeni müdaxilə siqnalları yenin möhkəmlənməsinə səbəb olub. Gərginliyin azalmasına dair ümidlərin neftlə əlaqəli valyutaları dəstəkləməsi fonunda dollar cümə axşamı da zəifləməyə davam edib. Tokio rəhbərliyinin bazara dəstək mesajları isə spekulyativ əməliyyatları məhdudlaşdıraraq Yaponiya yenini gücləndirib.
ERAmedia-nın məlumatına görə, “RBC Capital Markets”in qlobal əmtəə strategiyası rəhbəri Helima Croft bildirib ki, bazarın bir hissəsi qarşıdakı 30 gün ərzində danışıqların yenidən başlanmasına dair bir səhifəlik razılaşmanı mühüm irəliləyiş kimi qiymətləndirəcək. Onun sözlərinə görə, memorandumun imzalanması dəniz daşımalarının dərhal bərpası və ya iri istehsal müəssisələrinin qısa müddətdə yenidən fəaliyyətə başlaması demək deyil.
Gərginliyin azalacağına dair ümidlər gecə saatlarında neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Bu isə inflyasiya narahatlıqlarını zəiflədib və bazarlarda ABŞ-də yeni faiz artımı ehtimallarının azalmasına gətirib çıxarıb. Nəticədə istiqraz gəlirlilikləri geriləyib, dollar indeksi isə 97,950 səviyyəsinə enərək ötən həftə qeydə alınan 99,092 zirvəsindən xeyli aşağıda qalıb.
Neft qiymətlərindəki eniş enerji idxalından asılı olan Avropa üçün müsbət qiymətləndirilib və avro da bundan dəstək alıb. Avro 0,1 faiz bahalaşaraq 1,1757 dollara yüksəlib, gecə əməliyyatlarında isə iki həftənin ən yüksək səviyyəsi olan 1,1797 dolları görüb.
Yapon yeni isə rəsmi Tokionun çərşənbə günü bazara müdaxilə edərək yen aldığına dair yayılan məlumatlardan sonra daha da güclənib. Bu proses dolların bir müddət 155,00 səviyyəsinə qədər enməsinə səbəb olub.
Son əməliyyatlarda dollar 156,15 səviyyəsində ticarət olunub. Yaponiyanın baş valyuta diplomatı Atsuşi Mimura ölkəsinin bazara müdaxilə ilə bağlı hər hansı məhdudiyyətə malik olmadığını bildirib və bu açıqlama bazarlarda diqqəti artırıb.
Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent gələn həftə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşəcək. Görüşdə yenə qarşı spekulyativ satışların məhdudlaşdırılması da daxil olmaqla bir sıra məsələlərin müzakirə ediləcəyi bildirilir.
Mənbələrin məlumatına görə, Yaponiya rəsmiləri ötən həftənin cümə axşamı günü bazara müdaxilə edib. Pul bazarı göstəriciləri yenin dəstəklənməsi məqsədilə təxminən 35 milyard dollarlıq satış həyata keçirildiyini göstərir. Həmin tarixdən etibarən bazarda çərşənbə gününə qədər yenin məzənnəsində üç kəskin sıçrayış müşahidə olunub.
Vural










