Bir eşqin hekayəsi : Səadət sarayının qurbanları - FOTO
XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda “Qasımov qardaşları və K” şirkətinin sahibləri Hacı, Əli və İmran Qasımovun şəhərdə tikdirdiyi gözəl binalar bu gün də öz gözəlliyi ilə seçilir. Bu qardaşlar arasında İmran Qasımovun həyatı xüsusilə acınacaqlı olub. Müqavilə bağlamaqda kifayət qədər təcrübəli olan İmran Qasımov eyni zamanda teatrsevər bir insan idi.
İmran Qasımovun “Kəngərlinski” səhnə adı altında çıxış edən ilk Azərbaycan aktyorlarından biri olduğu barədə az məlumat var. O, Üzeyir bəy Hacıbəyovun, eləcə də Hüseynqulu Sarabskinin yaxın dostu idi.
Qeyd edək ki, Qasımov qardaşları Rusiya imperiyasının müxtəlif guşələrindən və digər yerlərdən palıd və şam ağacı, Kareliya ağcaqayını və Venesiya şüşəsi idxal edirdilər. Bakının özündə isə qardaşların parket fabriki yerləşirdi. İmran Qasımov haqqında deyirlər ki, sifariş qəbul edərkən daim keyfiyyətli materiallardan istifadə edirmiş. 2007-ci ildə Muxtarovun evində (Səadət sarayında) təmir işləri aparan ustalar da bunu təsdiqləyiblər:
“100 ilə yaxındır tikilməsinə və baxımsız vəziyyətdə olmasına baxmayaraq, mülkün qapı və pəncərələrində çürümə demək olar ki, yoxdur. Bu da evin taxta ilə işlənən hissələrində uzunömürlü qoz ağacından istifadə olunması ilə bağlıdır”.
O, təhsilli, çox savadlı, rus və fransız dillərində sərbəst danışa bilən bir insan idi. Eyni zamanda xeyriyyəçi kimi tanınırdı. İmkanlı olduğu üçün tez-tez sənətkarların ailələrinə maddi kömək edirdi. Hətta yazırlar ki, şəhərdə o dövrün ən çox ziyarət edilən kitab mağazalarından biri yandıqda, İmran Qasımov təkcə təmir xərclərini deyil, həm də yeni və dəyərli kitabların alınmasını öz üzərinə götürmüşdü.
İmran Qasımovun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınlarının çadraya büründüyü bir dövrdə Rübabə xanım Avropa dəbi ilə geyinir, şlyapasını straus lələyi ilə bəzəyərdi.
Bu gözəl ailənin faciəsi isə Muxtarov evinin tikintisi zamanı baş verir. Murtuza Muxtarovun Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən evini o, həyat yoldaşı Yelizaveta (Liza) üçün tikdirirdi.
Saray tikilərkən xarici və yerli memarların çətinlik çəkdiyi hissə binanın üstündə quraşdırılacaq cəngavər heykəli idi. Heykəl hazırlanarkən səhvə yol verilmişdi: heykəlin bədəni çox ağır, ayaqları isə yüngül idi. Bu cür heykəli elə quraşdırmaq lazım idi ki, ağırlıq ayaqların üzərinə düşüb onları sındırmasın. Bakıda bunu bacaracaq yeganə şəxs kimi İmran Qasımovun adı çəkildiyinə görə, Muxtarov onu dəvət edir. Qasımov razılaşır, binanın damına çıxaraq heykəli quraşdırır və sevinclə “Hazırdır!” deyə səslənir. Elə bu anda ayağı sürüşür və yıxılır.
Yıxılma nəticəsində iki ayağı sındığı üçün İmran Qasımovun müalicəsi düzgün aparılmır və ayağında qanqrena yaranır. Nəticədə o, iki həftə sonra dünyasını dəyişir. Beləcə, 35 yaşlı aktyor, memar və hüquqşünas gəncin taleyi faciə ilə bitir.
Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundov yazır ki, ərinin ölümündən sonra Rübabə xanımın iki çıxış yolu olurmuş:
“Ya şəhəri tərk etməli, ya da çadra taxmalı. Ərinin aşiq olduğu qadın çıxış yolunu özünü zəhərləməkdə görür”.
Bu faciədən sonra danışırlar ki, Muxtarovun sağlığında və ondan sonra da binada qəribə səslər eşidilməyə başlayıb. Şayiələrə görə, gecələr sarayda ağ paltarlı ruh kimi birinin gəzdiyini, ah çəkdiyini və qapıların öz-özünə açılıb-bağlandığını görənlər olub. Hətta sovet dövründə yaşlı insanlar danışır ki, saraydakı restoranın direktoru gecə yarısı evinə getmək istəyəndə həmin “ruh” ona yaxınlaşıb və sarayı qoruduğuna görə ona təşəkkür edib.
Zaur Əliyev











