media-ibrahim-nebioglu
media-681210714_2022581961802234_2270026431367664781_n
Butimar fars mifologiyasının dərinliklərindən süzülüb gələn bir quşdur.
O, sevginin özünün qanad taxdığı, kədərin lələk bağladığı bir varlıqdır.
Adı bəzən “Məhəbbət quşu” olaraq keçir mənbələrdə.
Rəvayətə görə Butimar dənizə aşiqdir.
O qədər sevir ki, sahilə qonub günlərlə ona baxır.
Susuzluqdan ciyəri yanır.
Ancaq dənizin suyunun bir gün qurtaracağından qorxur.
Bu səbəbdən də su içmir, su bitməsin deyə arada bir damla alır ağzına.
Dənizi sevdiyi qədər suyunu da sevir.
Aşiqin gözündə məşuqun hər şeyi müqəddəsdir.
Rəvayətin ən dəhşətli, ən gözəl yeri də elə budur: Dənizin bir gün quruya biləcəyindən qorxur. Onu su içməkdən saxlayan da budur, məşuqu kiçiləcək deyə dərd edir.
Ay dənizə baxar kimi o da baxır-baxır sevgilisinə.
Tək-tənha baxır sonsuz suya.
Günlər keçir, həftələr…
O baxır, dəniz isə heç bilmir ki, aşiqi onun dərdindən və susuzluqdan ölür.
Divan şairləri Butimar quşuna “Malikül-həzin”, yəni “Hüznün sahibi”, “Kədərin hökmdarı” demişlər. Bu ad sadə bir metafora deyil, dərin bir etiraftır. Şairlərdən biri “Dünyada ən böyük kədər o kədərdir ki, sahibi onu şikayət etmir” demişdi. Butimar da sahildə oturub fəryad etmir, sadəcə baxır. Sevir. Susur. Və ölür…
Ərəb ədəbiyyatında Butimara “Yemam quşu” da deyilmişdir. Lakin divan ədəbiyyatında, xüsusilə də Osmanlı, Azərbaycan, Fars şeiriyyatında bu quş “Butimar” adı ilə yaşadı və aşiqin ən kamil timsalına çevrildi.
Butimarın hekayəsinin özündə bir paradoks var ki, insanı düşündürür: dəniz bitməyəcək. Okeanlar tükənməyəcək. Butimar bilir bunu, yəqin ki bilir. Amma sevən adamın qorxusu məntiqə baxmır. O qorxur, çünki sevir. Sevdiyi üçün ölümü göz görə-görə seçir.
Nə vaxtsa oxuduğum bir müşahidə bu həqiqəti çox gözəl ifadə edir: Butimar suyu içdiyi an onun eşqi bitəcəkdi. Dənizin bitəcəyindən yox, içdiyi an məşuqu ilə aralarındakı o ilahi həsrət, o uzaqlıq sona çatacaqdı. Aşiq isə həsrətsiz yaşaya bilməz. Həsrət onun nəfəsidir.
Divan şairləri üçün Butimar quşu bülbül kimi, hüma kimi, ənqa kimi ədəbiyyatın daimi misafiri oldu. Bülbül gülü sevir. Amma gül heç olmasa onun nəğməsinə açılır, ətir saçır, rəng verirdi; bir növ cavab vardı o eşqdə… Butimarın sevgisində dəniz ona cavab verirmi? Buna görə şairlər Butimara daha dərin bir hüzünlə baxıblar hər zaman. O, ən fəryadsız, ən səssiz, ən çarəsiz eşqin rəmzidir.
Məşhur divan şairi Nabi bir şeirində yazır ki, pis nəfs həmişə öz xeyrini güdən nəfsdir, sevdiyindən sonraya qalmaq istər. Yəni sevən ölsün, sevdiyi yaşasın. İlk baxışda bu bir zəiflik kimi görünür. Amma dərindən düşündükdə anlayırsan ki, bu istəyin içində Butimarın ruhu gizlənib. Çünki “sonraya qalmaq” demək sevginin bitib-bitmədiyini görmək deməkdir. Yəni aşiq ölümündən belə bir şey umur: məşuqu hələ də var olsun, hələ də dəniz dolsun, hələ də sahil islansın. Butimar da elə bunu istəyirdi axı – özü yox olsun, dəniz qalsın. Sevən yox olsun, sevdiyi yaşasın. Bu fədakarlıq eşqin ən dərin, ən səssiz tərifdir.
Türk ədəbiyyatının böyük adı Sədiq Hidayət isə məşhur “Kor Bayquş” əsərində Butimara müraciət edərək yazır: “Mən həmişə düşünürdüm ki, dünyada susmaqdan yaxşı bir şey yoxdur, Butimar kimi olan insan daha yaxşı insandır. Butimar dəniz kənarına çökür, qanadlarını açır, tək-tənha oturur. Amma mən heç cür belə edə bilmirəm…”. Bu etiraf Butimarın sükutunu bir fəzilət kimi görür. Susub sevmək. Şikayətsiz yanmaq. Fəryadsız ölmək.
Modern İran ədəbiyatının usta yazarlarından Sadık Hedayat şah əsəri sayılan “Kor Bayquş” romanında ekzistensialist narahatlığından əziyyət çəkən və cəmiyyətdən təcrid olunmuş qəhrəmanının qaranlıq daxili dünyasını araşdırır. Əsərdə reallıq və xəyallar zaman və məkan qarışıqlığı arasında bir-birinə qarışır; rəvayətçi həyatındakı qadınları və özünü eyni çürümənin fərqli tərəfləri kimi təsvir edir.
Böyük Füzuli isə qəzəllərinin ruhunda həmişə Butimarın nəfəsini daşıdı. Onun bir neçə beyti Butimarın susub sevib ölməsinin fəlsəfi izahıdır: elmdən, məntiqdən, bilgidən önəmli olan sevginin özüdür. Butimar ölməzdən əvvəl bunu bilmişdi.
Yenə Fuzulinin o məşhur misrasını xatırlayaq:
“Hasılım yoh ser-i küyunda beladan gayrı, Garazım yoh reh-i aşkında fenadan gayrı” – “Sevgilimin məhəlləsinin başında bəladan başqa heç nəyim yoxdur, eşq yolunda fənadan başqa muradım yoxdur”. Bu sözlər Butimarın da ürəyindən keçirdi. “Fəna” yox olmaq, aşiqin son məqamıdır. Butimar onu dənizin yanında, sahildə tapır.
Bu paradoksu ən gözəl şəkildə Sədi Şirazi deyib: “Suyun kənarındayam, amma susuzluqdan ölürəm”.
Butimarın bütün taleyi bu bir misrada cəmlənir. Su var, amma içmir; sevgi var, amma yaşamır. Həyat var, amma qorxu onu yaşamağa qoymur.
Butimarın faciəsi susuzluq deyil. Onun faciəsi təxəyyüldür, yəni gələcəyi düşünmək qabiliyyətidir.
Dənizin quruyacağını düşünür. Bu ehtimal onu məhv edir.
Burada klassik Şərq poeziyasının ən ağır həqiqəti ortaya çıxır: eşq təkcə hiss deyil, həm də qorxudur.
Hafiz Şirazi bunu belə ifadə edirdi:
“Dərdim də yardandır, dərmanım da”.
Yəni çıxış yolu yoxdur.
Butimar təsadüfən “malikül-hazin” adlandırılmır.
Hüzün onun təbiətidir.
Bu xətt Divan ədəbiyyatı boyunca davam edir və Füzuli-də ən kəskin formasını alır:
“Dərd ilə xoşəm, dərmansız qalam mən”.
Butimar qorxudan içmir, Füzuli isə bilərəkdən.
Birində zəiflik var, digərində isə əqidə.
Butimarın hekayəsini eşidən insan ilk öncə təəccüblənir: “Bu nə mənasız sözdür, dəniz suyu içilməklə heç quruyar mı?”. Sonra bir az dayanır, yenidən düşünür. Və anlamağa başlayır.
Butimar haqlıdır. Çünki içdiyi an “doydum” demiş olacaq, aşiq isə heç vaxt doymaz. Bir damla su götürmək, dənizə “sən mənə yetərsən” deməkdir. Sevən adam isə sevdiyinə heç vaxt “yetər” deməz.
Bu səbəbdən də Butimar içmir, sahildə oturub elə hey baxır və ölür.
Butimarın ölümü onun öz seçimidir. Sevdiyinin uğrunda canından keçmək. Dənizi var etmək üçün özünü yox etmək. Bu fədakarlığın ən ali, ən saf, ən məntiqsiz və buna görə ən insani şəklidir.
Butimarın ölümü faciə deyil, bir etiraftır. Sevdiyinin nəfəsi ilə dolmuş bir ömrü, sevdiyinin varlığına qurban vermək. Dəniz yaşasın deyə özünü susuzluğa təslim etmək. Bəlkə də dünyada ən gözəl ölüm budur: sevdiyinin sahilində, onun səsini dinləyə-dinləyə yavaş-yavaş sönmək.
O aşiq bəzən sahildə oturub dənizə baxan bir quşdur.
Bəzən şeirini yazıb adını qoymayan bir şairdir.
Bəzən də sevdicəyinə “yaxşıyam” deyib içindən sönən bir insandır.
Sevdicəyi yaşasın deyə canını verən bir quşdur Butimar…

media-adspc

Bənzər xəbərlər