media-photo_265621

Böyük Britaniya Parlamenti 31 dekabr 2008-ci ildən sonra doğulan şəxslərin ömür boyu siqaret almasını qadağan edən qanunu qəbul edib.

ERAmedia xəbər verir ki, qərar siqaret əleyhinə təşkilatlar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

“Siqaret və Sağlamlıq üçün Fəaliyyət” təşkilatının baş icraçı direktoru Heyzəl Çizmen bildirib ki, onilliklər davam edən kampaniyalardan sonra qəbul edilən bu qanun siqaretin yaratdığı dağıdıcı təsirlərin aradan qaldırılmasını artıq qeyri-müəyyən deyil, qaçılmaz edir.

“Tütün və elektron siqaretlər haqqında” qanun layihəsinə əsasən, 31 dekabr 2008-ci ildən sonra doğulan şəxslərə siqaret satışı tamamilə qadağan olunacaq. Sənəd hökumətə tütün məhsulları, elektron siqaretlər və nikotin tərkibli vasitələr üzərində daha sərt qaydalar tətbiq etmək səlahiyyəti də verir. Bu çərçivədə məhsulların dadlandırıcıları və qablaşdırılması da nəzarət altına alınacaq.

Qanunun qüvvəyə minməsi üçün Kral III Çarlz tərəfindən təsdiqlənməsi tələb olunur.

Hazırda 18 yaşdan aşağı şəxslərə siqaret və tütün məhsullarının satışı qadağandır. Yeni qanunla isə minimum yaş həddi hər il mərhələli şəkildə artırılacaq və beləliklə, bugünkü gənclər ömür boyu bu qadağa çərçivəsində qalacaqlar.

Bu addım Böyük Britaniyanı dünyada ən sərt siqaret əleyhinə qanunvericiliyə malik ölkələrdən birinə çevirir. Qanun 2022-ci ildə Yeni Zelandiyada qəbul edilmiş oxşar təşəbbüsə əsaslanır, lakin həmin qanun sonradan yeni hökumət tərəfindən ləğv olunmuşdu.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər