Bir gecədə milyarder oldular
İsveçrənin UBS bankının məlumatına görə, bu ilin aprel ayına qədər olan 12 aylıq dövr ərzində 91 nəfər miras yoluyla milyarder statusu qazanıb və ümumilikdə 298 milyard dollar irs alıb. Bu göstərici 2024-cü illə müqayisədə üçdə birindən çox artım deməkdir.
ERAmedia xəbər verir ki, hesabat UBS-nin bəzi super varlı müştəriləri arasında aparılan sorğuya və dünyanın müxtəlif bölgələrində, 47 bazarı əhatə edən milyarderlərin sərvətini izləyən vməlumatlar bazasına əsaslanır.
Bankın hesablamalarına görə, milyarderlərin övladları növbəti 15 il ərzində ən azı 5 trilyon 900 milyard dollar miras alacaqlar. Bu miras artımının əsasən ABŞ-da qeydə alınacağı gözlənilir. UBS-nin proqnozuna əsasən, Hindistan, Fransa, Almaniya və İsveçrə növbəti sıralarda qərarlaşır.
Hesabatda qeyd edilir ki, xüsusilə gənc milyarderlər daha dinamik olduqları üçün mövcud mənzərə zamanla dəyişə bilər. Daha yaxşı yaşayış şəraiti axtarışı, geosiyasi narahatlıqlar və vergi siyasətləri miqrasiya qərarlarına təsir edən əsas amillər kimi göstərilir.
UBS-nin məlumatına görə, qarşıdakı 15 il ərzində 206 milyard dolların miras qalacağı gözlənilən İsveçrədə seçicilər bazar günü keçirilən səsvermədə 62 milyon dollar və ya daha çox sərvətin miras yoluyla ötürülməsi zamanı tətbiq olunacaq 50 faizlik vergi təklifini böyük üstünlüklə rədd ediblər. Tənqidçilər belə bir verginin varlıların ölkədən köçünü sürətləndirə biləcəyini bildirirdilər.
UBS nümayəndəsi Bencamin Kavalli deyib ki, İsveçrə, BƏƏ, ABŞ və Sinqapur hazırda milyarderlərin ən çox üstünlük verdiyi məkanlar arasında yer alır.
Vural Həsənoğlu









