Bir gün, bir gündən də az

Rəsul Mirhəşimli
57 il… Rəqəm kimi baxanda böyük görünür. Bu illərin 40 il öncəsindən nələrisə anlatmağa qalxsan, görəcəksən sanki sənə səksənərək baxacaqlar. Çünki 30-40 il öncə sənin yaşadıqlarından kimlər üçünçə nağıllar aləmindəki mifik obrazların söylədiklərinə bənzəyəcək, reallıqdan uzaq görünəcək. Amma nələr yaşadıq biz, bəlkə də nələri yaşamadıq…
Bu illərin içində yaşananlara nəzər salanda bəzən elə bilirsən ki, ömrün pəncərəsindən sanki dünənki günə boylanırsan. Sanki dünən idi ilk dəfə həyatın qapısını döydüyün an. Sanki dünən idi ilk addım, ilk söz, ilk sevinç, ilk qorxu. İndi isə 57 ilin yükü çiyinlərə düşüb, amma içində bir sual dayanır: “Bu illərin neçəsini həqiqətən yaşadıq?”
İnsan yaşa dolduqca anlayır ki, ömür dediyimiz şey illərin cəmi deyil. Zaman barmaqların arasından axan qum kimidir, nə qədər sıxırsan, o qədər tez itirirsən. Bəzən bir günü bir ilə dəyişmək istəyirsən, amma dəyişə bilmirsən. Bəzən də bir il keçir, amma geriyə baxanda həmin ilin içindən bir gün belə yadında qalmır.
Bu hikmət insan yaşa dolduqdan sonra ona daha aydın olmağa başlayır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az…” – deyə cavab verəcəklər” (“Muminun” surəsi, ayə 112-113).
Bu cavab əslində bütün ömrün həqiqətidir. Biz bəzən illərlə çalışır, illərlə yorulur, illərlə gözləyirik. Amma sona yaxınlaşanda görürük ki, yaşadığımız ömür bir gün kimi gəlib keçib. Hətta bir gündən də az. Çünki əsl ömür yadda qalan anlarla ölçülür. Əgər yadda qalan anların sayı azdırsa, 57 il də bir günə bərabərdir.
İnsanın ən böyük peşmanlığı da buradadır. İnsan yaşadıqlarına deyil, yaşaya bilmədiklərinə üzülür. Demədiyi sözlər, uzatmadığı əllər, yarımçıq qoyduğu sevinclər, vaxtında bağışlamadığı qəlblər… Ömür karvanı son dayanacağa yaxınlaşanda insan bunları daha çox anlamağa başlayır. Ən çox da bir həqiqəti dərk edir: heç nəyi geri qaytarmaq olmur.
İnsan bəzən cəsarət tapıb sevdiklərindən halallıq istəyir. Amma çox vaxt gec olur. Sevdikləri halallıq verə bilmir. Bu imtina onların halallıq vermək istəmədiklərindən deyil, halallıq versələr, sanki onu itirəcəklərindən qorxurlar. Bu da həyatın başqa bir acı həqiqətidir. Biz bir-birimizdən haqqımızı çox zaman sağ ikən ala bilmirik.
Ona görə də nəfəs aldığımız hər an qiymətlidir. İnsan sevdiklərini incitmədən, onlara vaxtında sözünü deyərək, üzlərini güldürərək yaşamalıdır. Çünki ən böyük peşmanlıq gecikmiş sözlər, söylənməmiş “bağışla”lar, uzadılmamış əllərdir. Həyatın bir həqiqəti budur, bir gün gələcək və artıq söz demək mümkün olmayacaq. O vaxt insan geriyə baxacaq və görəcək ki, yaşadığını sandığı illərin çoxu əslində boş keçib.
Əsl ömür sevilənlərin qəlbində buraxılan izlə ölçülür. İnsanın ömrünü uzadan illər deyil, yaxşılıqla xatırlanan anlarıdır. Gülüşlə paylaşılan bir gün, mərhəmətlə deyilən bir söz, vaxtında edilən bir bağışlama bəlkə də bütün bir ömrün dəyərinə bərabərdir.
57 ilin sonunda anlayırıq ki, ömrün dəyəri illərdə deyil, o illərin içindəki xatirələrdədir. Hər gün bir ömür ola bilər, əgər onu yaşaya bilsən. Əks halda, yüz il də yaşasan, “bir gün, bir gündən də az” olacaq.
Və o gün bizdən soruşacaqlar:
– Yer üzündə neçə il qaldınız?
Biz isə cavab verəcəyik:
– Bir gün… bir gündən də az.









