Birləşmiş Ərəb Əmirlikləri fond birjalarını bağladı - SƏBƏB
Regionda müharibə riskinin artması fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin əsas fond birjalarının həftənin əvvəlində fəaliyyətini dayandırdığını açıqlayıb.
ERAmedia xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Ölkənin Kapital Bazarlarına Nəzarət Qurumu bildirib ki, “Abu Dhabi Securities Exchange” və “Dubai Financial Market” bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacaq.
Açıqlamada qeyd olunub ki, qurum regiondakı vəziyyəti diqqətlə izləyəcək və zərurət yaranarsa, əlavə addımlar atacaq.
Bununla yanaşı, “Nasdaq Dubai” də hər iki gün üzrə ticarətin dayandırıldığını elan edib.
Qeyd edək ki, Dubay Fars körfəzi regionunun əsas biznes mərkəzi hesab olunur. Ölkənin paytaxtı Abu-Dabi isə regionun mühüm maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, dünyanın ən iri suveren fondlarından bəzilərinin yerləşdiyi şəhərdir.










