media-69bd26c2d07c569bd26c2d07c6177400390669bd26c2d07c169bd26c2d07c3

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, indeksləşdirmə əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçirilib və bu artımlar 1 milyon 100 min vətəndaşı əhatə edib.

Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyası sonradan toplanmış kapitala uyğun olaraq yenidən hesablanır. Bu mexanizmə görə, vətəndaşın pensiya təyin edildikdən sonra işlədiyi 6 il tamam olduqda, həmin dövrdə fərdi hesabının sığorta hissəsində toplanmış və məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla formalaşan pensiya kapitalı əsas götürülür.

Vüqar Bayramov qeyd edib ki, bu halda toplanmış kapital 72-yə bölünərək pensiyaya əlavə olunur. Bu isə o deməkdir ki, işləyən pensiyaçılar həm topladıqları kapitala uyğun əlavə gəlir əldə edir, həm də ümumi pensiya məbləği artır.

Deputat əlavə edib ki, 2026-cı ildə işləyən pensiyaçılar üçün ikiqat artım imkanı mövcuddur. Belə ki, onların pensiyası əvvəlcə 9.3 faiz indeksasiya edilir, daha sonra isə əgər 6 illik iş stajı tamamlanırsa, əlavə hesablanma tətbiq olunur.

Məsələyə nümunə gətirən deputat bildirib ki, əgər vətəndaşa 2020-ci ilin may ayında 800 manat əmək pensiyası təyin olunubsa və o, işləməyə davam edibsə, 2026-cı ilin mayında onun pensiyası yenidən hesablanır. Bu müddətdə toplanmış 25200 manat pensiya kapitalı 72-yə bölünərək 350 manat əlavə edilir. Eyni zamanda, 9.3 faiz indeksasiya nəticəsində pensiyaya 74.4 manat əlavə olunur və yekun məbləğ 1224.4 manata çatır.

Vüqar Bayramov vurğulayıb ki, bu yanaşma işləyən pensiyaçıların sosial təminatını gücləndirməyə yönəlib və vətəndaşları əmək fəaliyyətini davam etdirməyə təşviq edir. Deputat qeyd edib ki, işləyən pensiyaçılar 6 illik müddəti tamamladıqları halda həm indeksasiya, həm də yenidən hesablanma artımından eyni anda faydalana bilərlər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər