Dağıstanda dron hücumu – 12 yaşlı qız yaralandı
Dağıstanın Kaspisk şəhərində baş vermiş dron hücumu nəticəsində 12 yaşlı qız xəsarət alıb.
ERAmedia xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərərçəkən uşaq hazırda Dağıstan Uşaq Respublika Klinik Xəstəxanasında müalicə olunur. Bildirilib ki, o, döş qəfəsində yüngül yara alıb və həyatına təhlükə yoxdur.
Bundan əvvəl Dağıstan rəhbəri Sergey Melikov Kaspisk üzərində bir neçə hava hədəfinin vurulduğunu açıqlayıb.
Eyni zamanda, Krasnodar diyarında da dron qalıqları bir sıra obyektlərə ziyan vurub. Operativ qərargahın məlumatına görə, Sever rayonunda üç yaşayış evi və bir mobil rabitə antenası zədələnib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son gecə ərzində hava hücumundan müdafiə qüvvələri ümumilikdə 32 ədəd Ukrayna istehsalı PUA-nı məhv edib.
Nazirlik qeyd edib ki, bu dronlardan 4-ü Belqorod, Bryansk, Novqorod, Rostov və Krasnodar diyarları üzərində, 3-ü Azov dənizi akvatoriyası və Leninqrad vilayəti üzərində, 2-si Voronej vilayəti üzərində, hər birindən 1-i isə Volqoqrad, Kursk, Smolensk və Tula vilayətləri üzərində vurulub.
Rusiya regionlarına dron hücumları 2022-ci ildə Ukraynada başlayan “xüsusi hərbi əməliyyat” fonunda intensivləşib. Kiyev rəsmi olaraq məsuliyyəti qəbul etməsə də, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak 2023-cü ilin avqustunda belə hücumların sayının artacağını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski isə 2023-cü ilin martında bildirib ki, ölkənin uzaqmənzilli dronları Rusiya ərazisindəki strateji obyektlərə qarşı effektiv istifadə olunur və bu, təhlükəsizliyin artırılmasına xidmət edir.
Vural Həsənoğlu









