Dərs aldığım ustadlar xatirələr işığında - İlham Zeynallı yazır...
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə
Təhsil aldığım Bakı Dövlət Universiteti, tələbəlik illərim, jurnalistika sənətinə yiyələnməyim barədə qeydlərimi yazarkən vaxtilə bizə dərs deyən, üzərimdə əməyi olan müəllimləri yada salmamaq ən azı insafsızlıq olardı. Jurnalistikamızın inkişafında, ümumən ictimai fikir tarixində mühüm xidmətləri olan unudulmaz müəllimlərimizi-Şirməmməd Hüseynovu, Qulu Xəlilovu, Nəsir İmanquliyevi, Nəriman Zeynalovu, Famil Mehdini, Yalçın Əlizadəni, Nəsir Əhmədlini, Cahangir Məmmədlini, Akif Rüstəmovu və digər ustadları daim böyük hörmət və sayğı ilə yad edir, dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara uzun ömür diləyirəm.

Bizim şansımız onda idi ki, biz o peşəkar insanlardan, sözün həqiqi mənasında dəyərli ziyalılardan ustad dərsləri aldıq. Bu insanlar bizə təkcə bilik, savad vermədilər, həm də bu sənətdə peşəkarlığın nəzəri əsaslarını, təməl prinsiplərini, ən əsası vicdanlı və obyektiv olmağı, nəyi deməyi yox, nəyi deməməyi öyrətdilər. Xətri mənim üçün çox əziz olan sevimli müəllimimiz Cahangir Məmmədlinin auditoriyda dediyi bir fikri heç vaxt unutmuram. O deyirdi ki, bu fakultəni bitirən heç bir kəs sonadək əclaf ola bilməz. Və sonralar həyatda yaşayıb gördüklərim həmin fikrin doğru olduğunu dönə – dönə sübut etdi. Əlbəttə, istisnalar həmişə və hər yerdə var və onlar nəticəni dəyişmir. Yeri gəlmişkən, başqa fakültələrdən gəlib jurnalistikada bizə dərs deyən bir çox başqa müəllimlərin də əziz və işıqlı xatirələrini sonsuz ehtiramla anıram. Ədəbiyyatşünas alimlər – Xalid Əlimirzəyev, Abdulla Abbasov, Firuz Sadıqzadə, uslubiyyətdən dərs deyən Kamil Əliyev, məntiq müəllimi Mustafa Güliyev, Ziynət Əlizadə və daha kimlər, kimlər … Yəni biz o auditoriyada təkcə jurnalist diplomu qazanmadıq. Onsuz da zaman göstərdi ki, o diplom olmadan da jurnalist, müxbir, aparıcı, repartyor, redaktor və. s olmaq olarmış… Və onsuz da media dediyimiz bu məkanda at izi it izinə qarışıb. Bir şeyi də tam səmimi etiraf edim ki, jurnalistikanın gələcəyinin belə olacağını bilsəydim, qəti bu sənətə gəlməzdim. Heç də təsadüfi deyil ki, indi əsl peşəkarlar, ustad media mütəxəssisləri bu sahədəki qeyri – peşəkarlığı etiraf edir, vəziyyətdən narahatlıqlarını dilə gətirirlər. Artıq mediada peşəkarlığın artırılması, media savadlılıgı, jurnalistlərin peşə etikası məsələsi daha çox önə çəkilir və müzakirə olunur…

…Nə isə, məqsəddən yayınmayaq. Ustad müəllimlərimizdən söz düşmüşkən, görkəmli mətbuat xadimi, tanınmış jurnalist, gözəl alim və pedaqoq Nəriman Zeynalovdan da danışmaq istəyirəm. Mənim yaddaşımda Nəriman müəllimlə bağlı unudulmaz xatirələr, müəllim – tələbə münasibətlərindən doğan maraqlı epizodlar qorunur. Birinci kursda oxuyurduq, dərslər yenicə başlamışdı. Bir gün rəhmətlik Nəriman müəllim sinifə girdi və özünü təqdim edib bizim qrup rəhbərimiz olduğunu bildirdi. “Jurnalist” tədris qəzetinin bir nömrəsini mənim rəhbərliyimlə siz buraxacaqsınız “- dedi və hamımıza istədiyimiz mövzuda yazı yazmağı tapşırdı. Qəzet çıxandan sonra birgə müzakirə etdik, yazım çox xoşuna gəlmişdi. O gündən bizim səmimi dostluğumuz başladı. Elə həmin vaxtlarda Nəriman Zeynalov alternativ yolla jurnalistika fakültəsinin dekanı seçildi. Bu da onun tələbələrlə daha sıx ünsiyyətinə imkan yaratdı. Nəriman müəllim gözü su içən, biliyinə, istedadına inandığı tələbələrə kömək etməyi, onlara qayğı göstərməyi bacarırdı. Tələbələrin jurnalist kimi yetişib iş yerləri ilə təmin olunmasında əvəzsiz xidmətləri vardı. Dediyim kimi, rəhmətlik məni çox istəyirdi. Həmişə dəyərli məsləhətlər verər, yazmağa ruhlandırardı. Bu cür səmimi münasibət və soyadlarımızın eyni olması bəzilərini başqa fikrə salmışdı. Çoxları mənim onun qardaşı oğlu olduğumu zənn edirdi. Bu, məni daxilən sevindirsə də, narahatlığımı da artırırdı. Bəlkə bundan onun nüfuzuna xələl gələr? Bəlkə də bu şaiyədən onun əleyhinə istifadə edə bilərlər? Mənim bu narahatlığım bir tərəfdən dövrün təbiətindən irəli gəlirdisə, digər tərəfdən çox ifallı və vasvası adam olmağımla bağlı idi. Hətta bir dəfə ikinci kursda oxuyan bir tələbə guya Nəriman müəllim mənim qohumumdu deyə əlaçı olduğumu dedi. “İgidin başını kəs, amma haqqını yemə”-deyiblər. Mən nə qədər sakit, təmkinli adam olsam da, haqsızlığa qarşı cox həssasam. 22 yaşında zülm-zillətlə, öz gücünə Universitetə gir, öz zəhmətinlə əla oxu, yazılar çap etdir, kimsə də sənin haqqını dansın!
Dərsdən sonra dekanlığa-Nəriman müəllimin yanına getdim. Ayağa qalxıb irəli yeridi, qolunu boynuma dolayıb yanında yer göstərdi.

-Fikirlisən, sözlü adama oxşayırsan, bir şey olmayıb ki?-deyə soruşdu.
-Nəriman müəllim, burda hamı məni sizin qardaşoğlunuz bilir.
-Xəbərim var ,-dedi. Qoy elə də bilsinlər. Bəs sən necə, istəmirsən mənim kimi əmin olsun?! O gün o insanın böyükürəkliliyinin, sadə və təvazökarlığının bir daha şahidi oldum. Və düzü, Bakıda bir nəfər də olsun vəzifəli qohumum olmadığı halda, kimsəsiz bir tələbə ikən özümü hamıdan arxa-dayaqlı hiss eləməyə başladım…
Az müddətdən sonra -1989-cu il aprelin 1-də Nəriman Zeynalov öz doğma yurdu Göyçayda olarkən qəflətən vəfat elədi və elə oradaca da torpağa tapşırıldı…
Çox sevinirəm ki, Azərbaycan radiosunda çalışarkən Nəriman müəllimin 60 illik yubileyi ilə bağlı radioda onun xatirəsinə həsr etdiyim “Uzü dönsün ayrılığın …” adlı 45 dəqiqəlik veriliş hazırladım. Düşünürəm ki, bununla onun müqəddəs ruhu qarşısındakı borcumdan az da olsa, çıxa bildim.
ARDI VAR…









