media-ac4754ba-2c89-41a9-ae60-8c6b8f129a97
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
Bizim tələbəlik dövrümüz (1988-1993-cü illər) nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, eləcə də dünya miqyasında ciddi və köklü dəyişikliklər dövrü kimi yada qaldı. Azərbaycan öz Dövlət Mustəqilliyini elan etdi, dünyaya meydan oxuyan Sovetlər İmperiyası dağıldı, sovet qoşunları Əfqanıstandan çıxdı, Berlin divarı söküldü … Əlbəttə, bunlar haqqında tarixçilər, siyasət adamları çox yazıb, çox deyib. Bundan sonra da deyiləcək və yazılacaq.
media-612202612_1549997339609466_1368700889002635960_n
Mənim məqsədim isə hər bir insan üçün olduqca maraqlı, əziz və şirin olan tələbəlik illərində yaşadığımız günlər, başımıza gələn maraqlı və yaddaqalan hadisələr barədə söz açmaqdı. Məqsədim həm də dövrün ümumi bir mənzərəsini vermək, bizim o illərdə hansı ideallarla yaşadığımızı, hansı əqidə və məsləyin daşıyıcısı olduğumuzu bir daha diqqətə çatdırmaqdır. Xoş olan odu ki, o illəri və yaşadığımız qəribə əhvalatları indi də çox böyük nostalji duyğularla xatırlayır, hər dəfə bir yerə yığışanda sevə – sevə və çox böyük zövqlə danışırıq.
media-612420026_1549997279609472_663952219255775424_n
Əvvəlki yazılarda xatırladığım kimi, mən birinci kursda tətbiqi – riyaziyyat fakültəsinin uşaqları ilə qalmalı oldum. Dostlarım isə xarici tələbələrin qaldığı 4 saylı yataqxanada məskunlaşmışdılar. Əlbəttə, mənim üçün başqa fakültənin tələbələri ilə yaşamaq maraqsız idi və ona görə də axşamlar tez – ez öz tələbə yoldaşlarımın yanına gedir, birgə dərslərimizə hazirlaşırdıq. Bir gün yenə şam yeməyindən sonra adəti üzrə öz uşaqlarımızın yanına getdim. Qapını açıb içəri girəndə siqaret tüstüsundən göz-gözü görmürdu. Azgərginlikli elektrik lampasının zəif işığı onsuz da otağı yetərincə işıqlandıra bilmədiyindən hər şey bir az da tutqun görünurdü. Amma tüstü dumanında boğulan otağın ruhunda elə bir mənəvi aydınlıq, elə bir güclü maarifçilik işığı vardı ki, ziyası bir ömür boyu yolumuza şəfəq saldı. Nəzirməmməd Zöhrablı qonşu otaqda yaşayan, kimya fakültəsində yuxarı kursda oxuyan şəkili Nurməhəmmədlə çox sevdiyi Nəsiminin hürufilik təlimindən, “ənəlhəqq” fəlsəfəsindən danışır, Allahın insanın üzündə təcəlla etməsi haqqinda sufizm nəzəriyyəsini özünə xas coşqun bir əda ilə izah edirdi. Həmin o Nurməhəmməd zəngin bədii zövqü, yüksək vətənpərvər ruhu olan, siyasi cəhətdən fəal bir gənc idi və həm də şeiri, ədəbiyyatı çox sevirdi. Bu zaman otağın sakinlərindən olan tələbə yoldaslarimizdan biri əlində “Siyasi iqtisad” kitabı qaşqabaqlı şəkildə içərı girdi. Mənim gəlişimlə saatlardır ki, davam edən qızğın müzakirənin daha da aktiv fazaya keçməsindən bir az da cin atına mindiyi görünürdü. Məsələ onda idi ki, həmin bu tələbə yoldaşımız sabaha “Siyasi iqtisad”dan seminara hazırlaşırdı. Çünki müəllimimiz Adil Qasımov dərsi ondan soruşacağını xüsusi deyibmiş. Bu yaziq da çıxıb dəhlizdə gəzişir, amma soyuq olduğundan yenə də otağa qayıdırdı…
media-612417173_1549997312942802_999247980364276634_n
…. Gecə keçir, söhbət uzandıqca uzanır, siqaret – siqaretə calanırdı. Həmin dostumuz az qala dəli olmaq dərəcəsində tez – tez girib – çixir ,”aya, insafınız olsun, imkan verin, mən dərsimi oxuyum”,- deyə az qala yalvarırdı. Kimə deyirsən, bunlar ikisi də öz aləmində, bir yandan da mənim replikalarım, bir – birini əvəz edən yeni mövzular, hər mövzunun öz şeirləri…
…Artiq söhbət başqa bir səmtə yönəlmişdi. Gündəmi zəbt edən Qarabağ hadisələri, xalqın tarixi taleyi, zaman – zaman başımıza gətirilən faciələr. Emosiyalar pik həddə, danışdıqca qızışır, coşduqca danışırıq. Söz gəlib Nüsrət Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ ” poemasna çıxdı. Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın qürbətdəki acı taleyi, Qacar hökmdarı Fətəli şahın onun şərəfinə saldığı Şuşadakı bağın eynisi olan bağça. Orada əkilən hər bir ağacın yetişməsi, bütün çiçəklərin açması, yalnız “xarıbülbül”ün bitməməsi …
Nəzir böyük coşqu və emosiya ilə poemadan parçalar deyir :”Xarıbülbül yad eldə bitmədi ki bitmədi”…
Arada Nurməhəmmədin otaq yoldaşı və həmyerlisi, tamam başqa bir dünyanın adamı-əsl “zamanə adamı” olan Nurəli otağa girib istehzalı gülüşlə nələrsə deyir, sağ əlinin şəhadət barmağını öz gicgahına söykəyib, guya bizim başımızın xarab olduğuna işarə edirdi.
Axırda tələbə yoldaşımız əsəbi formada, bir az da xahişanə : “ayə, Allahınız olsun, dərs oxumağa imkan vermədiz, heç olmasa qoyun yataq, səhər açılır axı “-deyə fəryad etdi. İndi də S.Rüstəmxanlının “Bakı Sovetinə məktub” şeiri, Bakıda ermənilərin, digər millətlərin adına böyük küçə və prospektlərin oldigu halda, Səttar Bəhlulzadənin adına bir dalanın da olmaması müzakirə olunur.
“Adına bir küçə oldu, olmadı, Səttar Bəhlulzadənin nə vecinə !”
…Artıq gecənin keçdiyini və özümün də yuxum gəldiyini görüb getmək üçün ayağa qalxdım. Həm də fikirləşdim ki, mən getsəm, məclis yekunlaşar. Bu düşüncə ilə otaqdan çıxmaq istəyəndə Nəzirməmməd də üstündə oturduğu çarpayıdan qalxdı. Ayağının altına stul qoyub hündür paltar dolabının üstündə qalaqlanmış kitabların arasından Sabir Rüstəmxanlının göy üzlü “Qan yaddaşı” kitabını götürdü, axtardığı səhifəni açdı. Adəti üzrə sağ əlini üzü səviyyəsinə qaldıraraq qolunu yarıbükülü halda sağa – sola çəkməklə özünəməxsus manera ilə oxumağa başladı:
“Aman durna, dimdiyini öz başında sınama,
Yurddaşında,soydaşında sınama …”
…Səhər birinci saat “Siyasi iqtisad” dərsi idi. Dərsə hazır olmadığından müəllim və uşaqlar qarşında xəcalət çəkməkdən utanan dostumuz seminara gəlməmişdi.
Zəng vuruldu, hirsindən və yuxusuzluqdan gözü qan çanağına dönmüş həmin dostumuzun dəhlizdə o yan, bu yana var – gəl etdiyini gördük. Axşam olanları bizdən eşidən və baməzə xarakteri ilə seçilən Vaqif Nəcəfovun”- eşitdim bütün gecəni yatmayıb seminara hazırlaşmısan, bəs niyə dərsə gəlmədin?”- deməsi alovun üstünə bir az da benzin tökdü. Bizə dişinin dibindən çıxanı deyib, bir neçə yağlı sözə qonaq eləsə də, hirsi hələ bir neçə gün soyumadı …
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər