Dövlət Statistika Komitəsində YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub - FOTO
Dövlət Statistika Komitəsində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının “İnşaatçılar prospekti 81” ünvanı üzrə ərazi partiya təşkilatının iclası keçirilib.
ERAmedia xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan iclasda Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Dövlət Statistika Komitəsi Kollegiyasının məsul katibi, “İnşaatçılar prospekti 81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində diqqətə çatdırdığı prioritet istiqamətlər, Azərbaycanın davamlı inkişafı, dövlətin siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, milli maraqlarının təmin olunmasına və ölkənin hərtərəfli inkişafına xidmət etdiyi vurğulanıb.
Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, yarandığı gündən keçdiyi inkişaf yolu və cəmiyyətin müxtəlif təbəqələri arasında qazandığı etimad barədə də fikirlər səsləndirilib.
Müzakirələr zamanı partiya fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi və təşkilatdaxili əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
İclas Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb. Sonda xatirə fotosu çəkdirilib.









