media-1793189431610586660_1200x630

“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub.

ERAmedia-ya QSC-dən bildirilib ki, oktyabrın 27–28-də “Resurslardan qlobal imkanlara doğru” şüarı ilə keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin və Metallurgiya Assosiasiyasının təşkilati dəstəyi, “Congresses of Central Asia – CCA” şirkətinin tərəfdaşlığı ilə təşkil olunub. Tədbirdə 19 ölkədən 40-dan çox spiker və moderator, 500-dən artıq nümayəndə, o cümlədən müxtəlif ölkələrin aparıcı dövlət qurumlarının və şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirin “Mərkəzi Asiya üçün yeni resurs arxitekturası” adlı əsas plenar sessiyasında Özbəkistan Respublikasının dağ-mədən sənayesi və geologiya nazirinin müavini Ural Yusupov, Kanadanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Daqqan, eləcə də yerli və xarici mədən şirkətlərinin nümayəndələri çıxış ediblər.

Plenar sessiyada çıxış edən “AzerGold” QSC-nin Özbəkistandakı törəmə müəssisəsi – “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesi sahəsində inkişaf edən strateji tərəfdaşlıq və həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə məlumat verib.

İ.İsmayıllı “AzerGold” QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafına, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə güclü təkan verir. Çıxış zamanı yeni şirkət tərəfindən Özbəkistanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən “Akba” qızıl yatağının birgə inkişafı layihəsinin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının və ekoloji tədqiqatların keçirilməsi planlaşdırılır. Geoloji kəşfiyyatın nəticələrinin müsbət olacağı təqdirdə birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, “AzerGold” QSC tərəfindən Nəvai vilayətində yerləşən “Toşmaçit”, “Boştut” və “Boboşil” perspektivli sahələrində qızıl və nadir torpaq elementləri üzrə geoloji tədqiqatların aparılması, eləcə də Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

Qeyd olunub ki, əməkdaşlığın gələcəkdə yeni birgə layihələrlə genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Toplanmış təcrübə və formalaşan tərəfdaşlıq əlaqələri perspektivdə üçüncü ölkələrdə də birgə fəaliyyət üçün zəmin yarada bilər.

Forum çərçivəsində, Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.


media-adspc

Bənzər xəbərlər