Təsəvvüf poeziyasında ney: Ruhun fəryadı
Rəsul Mirhəşimli
Ney klassik şeirdə və təsəvvüf ədəbiyyatında dərin və çoxqatlı simvolizmi ilə diqqət çəkir. Neyin bu qədər müxtəlif mənalar ifadə etməsi, onun həm fiziki həm də metafiziki anlamlarıyla zəngin bir simvol olması ilə əlaqədardır. Bu simvolik dərinlik, onun poeziyada və təsəvvüfdə əhəmiyyətini artırır.
Ney zərif görünüşlü, lakin dərin mənalar daşıyan bir musiqi alətidir. Sədasını dinləyən hər könüldə fərqli bir titrəyiş doğuran ney klassik şeirdə və təsəvvüf ədəbiyyatında yalnız musiqi aləti deyil, insanın iç dünyasının, ruhunun və eşqinin rəmzi kimi çıxış edir. Bəsit qamışdan hazırlanmış alət sanki minilliklərin harayını, insanın ilahi ilə münasibətinin fəryadını özündə daşıyır.
Klassik şeir ənənəsində, hər simvolun bir zahiri, bir də batini, yəni daxili anlamı vardır. Neyin simvolik dəyəri də məhz bu çoxqatlılıqda gizlidir. Onun səsi səssizliyin içindən doğan bir nida kimi səslənir. Neyin səsində təkcə musiqi deyil, qəriblik, ağrı, həsrət, axtarış və kamillik var.
Mövlana Cəlaləddin Ruminin məşhur “Məsnəvi”si məhz ney haqqında bu sətirlərlə başlayır:
“Bişnev əz ney çun hekayat mikonəd,
Əz cüdayiha şikayət mikonəd”.
(“Dinlə ney nəğməsini, nə danışır,
Ayrılıqlardan necə şikayət edir”.)
Mövlana üçün ney ruhun Allahdan ayrıldığı an çəkdiyi fəryadın dilidir. Neyin dili sözlə ifadə olunmayan dərdlərin musiqisidir. O, danışmaz, lakin danışanlardan daha çox şey deyər. Bu baxımdan, Mövlana ney simvolu vasitəsilə insanın ilahi həqiqətdən ayrılması və bu ayrılıqdan doğan mənəvi ağrını dilə gətirir.
Azərbaycan klassik poeziyasının nəhəng simalarından biri olan Məhəmməd Füzuli də neyi böyük ustalıqla istifadə edən sənətkarlardandır. Füzuli üçün eşq yalnız romantik duyğu deyil, ilahi axtarışın və yanğının özüdür. Onun divanında ney müntəzəm şəkildə eşqin fəryadı, məzlum könlün səsi kimi təzahür edir:
“Ney kimi hərdəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm”.
Burada şair neylə özünü eyniləşdirir. Neyin necə hər nəfəsində yanğılı bir səs varsa, şairin də hər xatirəsində, hər hissində yanan bir eşq, unudulmayan bir vüsal arzusunun izləri var. Ney həm səsdir, həm də bu səsin içində gizlənmiş susqun ağrıdır.
Bu misralarda ney bir halın, bir duyğunun və bəzən bir mərifət məqamının simvoludur. Klassik poeziyada ney əsasən səsinin yaratdığı təəssürat eşqin, dərdin poetik obrazı olaraq təsvir edilir. Onun çıxardığı səs eşqin dərdini, köksündəki yanğıları və ruhsal sarsıntıları təmsil edir. Neyin naləsi həm də insan ruhunun bu dünyadakı qərib və qürbət halını ifadə edən bir rəmz kimi çıxış edir.
Hurufi şair İmadəddin Nəsiminin poetik dünyasında ney daha çox nəfsin yoxluğu və ilahi varlığın nuruna doğru səy olaraq görünür. Təsəvvüf dünyasında neyin simvolik anlamı nəfsdən təmizlənmiş vücud və Haqq aşiqinin qəlbidir. Bu anlam da Nəsiminin ideyalarına çox uyğundur.
Nəsimi üçün bədən bir qəfəsdir, ruh isə əbədi olan nurdur. Bu bədən içində sıxılmış ruh, elə neyin səsindəki nalə kimidir. O, öz vətənini, yəni ilahi aləmi axtarır. Bu mənada ney haqq yolçuluğunun səsi, qəlbin saflaşmış təranəsidir:
“Külli yerü gök həq oldu mütləq
Söylər dəfü çəngü ney ənəl-həq!”
Təsəvvüfi təfəkkürə əsasən, ney müxtəlif mənəvi və ruhi halları ifadə edən çoxqatlı bir simvoldur. Bu simvollardan biri haqq aşiqinin qəlbi mənasında işlənir. Təsəvvüf ədəbiyyatında ney Haqq aşiqinin nəfsaniyyətlərdən təmizlənmiş vücudu və qəlbi kimi qəbul olunur. Nəfəs verildikdə ney ancaq içi boş olduğu üçün səslənir. Bu, o mənaya gəlir ki, insan da içini nəfsdən, təkəbbürdən, dünya sevgisindən təmizləsə, Haqqın səsini çatdırmağa vasitə ola bilər. Ney bu mənada eşqin daşıyıcısı, vüsal arzusunun dili kimi səslənir.
Başqa bir mənada ney, ruhlar aləmindən qoparaq dünyaya gəlmiş insan ruhunu simvolizə edir. Bu dünya ruh üçün bir qürbətdir. İnsana bu dünyada rahatlıq, aram yoxdur. Neyin naləsi də bu qürbətdə yaşanan həsrətin, hicranın səsidir. Klassik poeziyada “qürbət” anlayışı coğrafi bir uzaqlıqdan daha çox, ilahi vətəndən – Allahdan uzaqlığın fəlsəfi obrazıdır.
Ney həm də kamil mürşidi, yəni mənəvi rəhbəri və ilahi eşq məqamını simvolizə edir. Mürşid müridini Haqqa çatdırdığı kimi, ney də insanın ruhunu öz səsi ilə ilahi eşqə yönəldir. Burada ney bir salikə yolgöstərən kimliyinə bürünür. Onun hər səsi bir dərs, bir işarə, bir hidayət vasitəsidir.
Neyin poetik obrazı yalnız səsi ilə deyil, səssizliyi ilə də danışır. Onun hər nəfəsi sanki könül içində susaraq danışan bir nalədir. Klassik şairlər bu incəliyi çox gözəl duyur və ifadə edirlər. Sufi şairlər neyi eşqin şəriki, dərdin dilə gəlmiş halı kimi təqdim edirlər.
Beləliklə, bu qənaətə gəlmək olar ki, ney təkcə musiqi aləti deyil, eşqin, hicranın, ilahi arayışın fəryadıdır. O, könüllərin dərinliklərindəki narahatlığı dilə gətirən, ruhun bu dünyadakı qərib düşmüş halını səsləndirən bir simvoldur. Klassik poeziya və təsəvvüf ədəbiyyatında bu qədər geniş və dərin mənalarla yüklənməsi, onun bənzərsiz bir obraz olduğunu sübut edir. Neyin səsi sanki ilahi bir çağırış, unudulmuş bir həqiqətin pıçıltısı, həqiqi vətənə dönüşün yoludur.
Əgər qəlb susmur və eşq axtarışdadırsa, ney bu aramağın yolunu insana həzin sızıltılarla anladır, ruha bələdçilik edir…










