İş elanlarının görünməyən tərəfləri - Nə etməli?
Son vaxtlar sosial şəbəkələrdə şirkətlərin elan etdikləri vakansiyaların real olmaması ilə bağlı müzakirələrlə tez-tez rastlaşmaq olur. Qeyd edilir ki, bir çox hallarda vakansiyalar üzrə müraciət olunsa da, ya geridönüş olmur, ya da bir neçə seçim mərhələsini uğurla keçən namizədlə sonradan əlaqə saxlanılmır. Həmçinin müraciət edənlərə vakansiya üzrə digər işə qəbul edildiyi ilə bağlı mesaj göndərilsə də, bir müddətdən sonra həmin vakansiya yenidən iş elanları saytlarında görünür.
Maraqlıdır, bəs bu deyilənlər nə dərəcədə realdır?
ERAmedia xəbər verir ki, “Qafqazinfo” mövzu ilə bağlı kiçik araşdırma aparıb. İnsan resursları üzrə mütəxəssislər qeyd edilənləri şirkətlərin bazar şərtlərinə uyğun olmayan tələblərlə vakansiya elan etmələri ilə izah edirlər. Bu səbəbdən uyğun namizəd tapılmadığına görə gah proses uzanır, gah da vakansiya açıq olaraq qalır. Bundan başqa, şirkətin siyasətindəki dəyişiklik, strukturun yenidən qurulması da əvvəlcədən elan edilmiş vakansiyalara təsir edir. Nəticədə vakansiya üzrə işçi qəbulu dayandırılır.

Həmçinin əvvəlcədən müəyyən edilmiş namizədin olmasına baxmayaraq, vakansiya elan edilməsi halları da istisna deyil. Belə vakansiyalar şirkətlərin işçi qəbulunda şəffaflığın olması görüntüsünü yaratmaq məqsədilə yayılır. Sonda vakansiya üzrə müraciət edənlər arasında seçim həyata keçirilsə də, vəzifəyə əvvəlcədən müəyyən edilmiş namizəd təyin olunur.
Bəs, qanunvericilik bu barədə nə deyir?
Sözügedən məsələ birbaşa qanunvericiliklə tənzimlənmir. “Məşğulluq haqqında” Qanuna görə işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə görə, 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
İşaxtaran və işsiz şəxslərin bu vakansiyalara yararlanmalarına gəlincə, qaydaya görə, bu şəxslər Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər. Burada şəxsə uyğun vakansiyalar barədə məlumat verilir, onlardan münasib iş təklifi onun elektron kabinetində yerləşdirilir. İş təklifini qəbul etdikdə vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqindən çıxarış “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaran və işsiz şəxsin elektron kabinetində yerləşdirilir.
.jpg)
Qanunvericiliyə görə, göndəriş təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq quruma təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumatda bildirilirdi ki, ƏMAS-da müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Qeyd edilmişdi ki, vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.









