Bütün dostlarıma - İbrahim Nəbioğlu yazır...
Sürətin çata bilmədiyi yer
Atlantik okeanının üzərində iki təyyarə uçurdu. Biri yüzlərlə sərnişin daşıyan nəhəng “Airbus A380”, digəri isə səsdən iki dəfə sürətli uça bilən “Eurofighter” qırıcı təyyarəsi.
Airbus saatda 800 kilometr sürətlə, 30 min fut yüksəklikdə öz yolu ilə gedirdi. Qırıcı təyyarə anidən onun yanında peyda oldu.
Gənc qırıcı pilotu sürətini azaldıb sərnişin təyyarəsinin pilotuna radio ilə səsləndi:
– Bu sürətlə uçmaq darıxdırıcı deyilmi? İndi mənə baxın!
Bundan sonra əsl hava şousu başladı. Qırıcı təyyarə öz oxu ətrafında fırlandı, sürətlənib səs baryerini aşdı, şaquli istiqamətdə göyə yüksəldi, ardınca nəfəs kəsən bir sürətlə okeana doğru şığıdı. Bir neçə dəqiqə sonra yenidən Airbus A380-nin yanında göründü.
– Necə idi? – pilot lovğalanaraq soruşdu.
Airbus pilotu təmkinlə cavab verdi:
– Möhtəşəm! Amma indi sən mənə bax!
Qırıcı pilot gözlərini Airbus A380-dən ayırmadı. Bir dəqiqə keçdi, beş dəqiqə, on dəqiqə… Heç nə baş vermədi. Nəhəng təyyarə əvvəlki sürəti və istiqaməti ilə uçmağa davam edirdi.
On beş dəqiqədən sonra Airbus pilotu radio ilə soruşdu:
– Hə, necə idi?
Qırıcı pilot təəccübünü gizlədə bilmədi:
– Axı sən heç nə etmədin!
– Necə yəni etmədim? – Airbus pilotu güldü. – Yerimdən qalxdım, ayaqlarımı açdım, tualetə getdim, üzümə su vurub sərinlədim, sonra şokoladlı tortla bir fincan qəhvə içdim…
Bu kiçik əhvalat ilk baxışda sadəcə əyləncəli bir pilot zarafatıdır. Amma onun arxasında insan ömrünün böyük bir həqiqəti dayanır.
Gənclik sürətin, yaşlılıq isə zamanın qədrini bilir.
Gənc olanda həyat bizə sonsuz görünür. Elə bilirik ki, nə qədər sürətlə hərəkət etsək, bir o qədər çox yaşayacağıq. Hamıdan irəli keçmək, hamıdan yüksəyə qalxmaq, hamıdan tez çatmaq istəyirik. Uğuru sürətlə, gücü başqalarını ötməklə, azadlığı isə istədiyimiz hər şeyi edə bilməklə ölçürük.
İllər keçdikcə anlayırıq ki, həyat heç də yarış deyilmiş. Hər yarışın qalibi olmaq da vacib deyilmiş. Bir vaxtlar bizi heyrətləndirən şeylər tədricən cazibəsini itirir. Sürət yerini rahatlığa, nümayiş təmkinə, həyəcan isə yaşamağın özündən alınan zövqə verir.
Gəncliyin ən böyük üstünlüyü imkanlarının çoxluğudur. Yetkinliyin üstünlüyü isə həmin imkanlardan hansının həqiqətən qiymətli olduğunu ayırd edə bilməkdir.
Əlbəttə, yaşlanmaq öz-özlüyündə insanı müdrik etmir. Elə adamlar var ki, səksən yaşında da iyirmi yaşın ehtirasları ilə yaşayırlar. Müdriklik təqvimin verdiyi hədiyyə deyil. O, yaşadıqlarımızdan çıxardığımız nəticələrin məcmusudur.
Həyatın dəyəri nə qədər sürətlə yaşamağımızda deyil, yaşadığımız zamanın nə qədərinin həqiqətən bizə məxsus olmasındadır.
Gənclikdə insan zamanını xərcləyərək dünyanı qazanmağa çalışır. İllər sonra isə anlayır ki, qazandığı dünyanın ən qiymətli neməti elə xərclədiyi zaman imiş.
Bu iki pilotun əhvalatında mənim üçün ən maraqlı məqam başqadır. Qırıcı pilotu Airbusun edə bilmədiyi hər şeyi edə bilirdi. Amma Airbusun pilotu da qırıcı pilotun edə bilmədiyi sadə şeylərdən zövq alırdı. Birinin üstünlüyü sürətində, digərinin üstünlüyü isə rahatlığında idi.
Deməli, üstünlük həmişə daha böyük gücə sahib olmaq deyil. Bəzən üstünlük sahib olduğun gücdən istifadə etmək məcburiyyəti hiss etməməkdir.
İngilislərin bu düşüncəni ifadə edən zarafatlı bir düsturu var:
S.O.S. – Slower, Older, Smarter.
Daha yavaş, daha yaşlı, daha ağıllı.
Əslində isə söhbət qocalmaqdan deyil, yetişməkdən gedir. Sürəti azaltmaq həyatdan geri qalmaq demək deyil. Bəzən məhz sürəti azaltdıqda indiyədək yanından ötüb keçdiyimiz gözəllikləri görə bilirik.
Mən bu əhvalatı illərini arxada qoymuş, amma həyata marağını itirməmiş bütün dostlarıma həsr edirəm.
Gəncliyimizdə kifayət qədər tələsmədikmi? Çox yollar keçdik, çox insanlarla qarşılaşdıq. Bəzən qazandıq, bəzən uduzduq. Bəzən yüksəldik, bəzən də enməli olduq.
İndi isə yolun qalan hissəsindən zövq almağı da bacarmalıyıq.
Axı insanın ən böyük uğuru hamıdan sürətli uçmaq deyil. Ən böyük uğur odur ki, bir gün geriyə baxanda bütün ömrünü yalnız harasa çatmağa sərf etmədiyini anlayasan.
Odur ki, təyyarəmiz hələ uçursa, mühərriklər işləyirsə, qarşımızda yol varsa, hərdən pəncərədən baxmağı da unutmayaq.
Çünki çatacağımız mənzil nə qədər əhəmiyyətli olsa da, həyat dediyimiz şey elə bu yolçuluğun özüdür.









