media-whatsapp-image-2026-10-27-at-18-43-15

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” panelində “Mədəniyyətlərarası dialoqda folklor: kollektiv yaddaşdan rəqəmsal körpülərə” mövzusunda çıxış edib.

ERAmedia xəbər verir ki, o, folklorun xalqların kollektiv yaddaşını, mədəni kimliyini və dünyagörüşünü əks etdirdiyini, mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə informasiya mübadiləsinin sürətlənməsi insanlar arasında ünsiyyət imkanlarını genişləndirsə də, bu, öz-özlüyündə qarşılıqlı anlaşmanı təmin etmir. Eyni folklor obrazı və simvolu müxtəlif mədəni mühitlərdə fərqli mənalar daşıya bilər.

Hikmət Quliyev Azərbaycanın multikulturalizm təcrübəsinə toxunaraq, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin müxtəlif xalqların mədəni irsinin öyrənilməsi və qorunması baxımından əhəmiyyətini vurğulayıb. O, Folklor İnstitutunun “Azsaylı xalqların folkloru” seriyasından nəşr etdirdiyi, avar, ləzgi, talış, tat və digər etnik icmaların folklor nümunələrini əhatə edən səkkiz kitabın bu istiqamətdə görülən işlərə töhfə verdiyini diqqətə çatdırıb.

Məruzədə rəqəmsal folklorun müasir cəmiyyətdəki roluna da diqqət çəkilib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan memlər, şayiələr, müasir əfsanələr və müxtəlif inanclar folklorun yeni formalarını meydana gətirir. Bu məzmunların öyrənilməsi cəmiyyətdə stereotiplərin və yanlış təsəvvürlərin necə formalaşdığını anlamağa imkan verir. 2012-ci il dekabrın 21-də dünyanın sonunun çatacağı ilə bağlı gözləntilər və COVID-19 pandemiyası dövründə yayılan müxtəlif şayiələr rəqəmsal folklorun təsirinə nümunə kimi göstərilib.

Hikmət Quliyev vurğulayıb ki, müasir folklorşünaslıq ənənəvi folklorla yanaşı, rəqəmsal mühitdə yaranan və yayılan folklor nümunələrini də araşdırmalı, onların sənədləşdirilməsi və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində öyrənilməsi istiqamətində fəaliyyətini genişləndirməlidir.

O qeyd edib ki, folklor mədəniyyətlərarası dialoq üçün körpü rolunu oynaya bilər. Bunun üçün yalnız ortaq simvolları müəyyənləşdirmək deyil, həm də müxtəlif xalqların kollektiv təcrübəsini və həmin simvollara verdikləri mənaları anlamaq vacibdir.


media-adspc

Bənzər xəbərlər