media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı ideoloji risklərin yaratdığı təhdidlərə diqqət çəkib.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, dövlət başçısının ideoloji risklərlə bağlı xəbərdarlığı təsadüfi deyil və son hadisələr bu cür təhdidlərin müxtəlif istiqamətlərdən yarana biləcəyini bir daha göstərir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, belə təhdidlərə qarşı müqavimət və qətiyyətli mövqe həlledici əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti və milli maraqlarını qorumaq əzmi ölkəmizə qarşı yönələn təzyiqlərin qarşısının alınmasında mühüm rol oynayır.

Sahib Alıyev hesab edir ki, Azərbaycanda məktəblilərin vahid geyim forması ilə bağlı məsələni hicab qadağası kimi təqdim edərək ölkəmizə qarşı kampaniya aparılması koqnitiv müharibənin əlamətlərini daşıyır. Onun fikrincə, bu cür fəaliyyətlər təkcə informasiya yayımı ilə məhdudlaşmır, eyni zamanda insanların düşüncəsinə və davranışlarına təsir göstərmək məqsədi güdür.

Deputat xatırladıb ki, NATO insanın idrak və düşüncə mühitinə təsiri müasir təhlükəsizlik məsələlərinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir. O bildirib ki, koqnitiv müharibə informasiya, psixologiya, kibernetika və sosial mühəndislik imkanlarından istifadə etməklə fərdlərin və qrupların düşüncəsinə, qərarlarına və davranışlarına təsir göstərməyə yönələn fəaliyyətləri əhatə edir.

Sahib Alıyevin sözlərinə görə, müxtəlif mənbələrdən qaynaqlanan və bəzən koordinasiyalı şəkildə həyata keçirilən ideoloji həmlələrə qarşı davamlılığın təmin olunmasında milli birlik və azərbaycançılıq ideologiyası mühüm rol oynayır. O vurğulayıb ki, Azərbaycan müstəqillik illərində öz milli ənənələrini və həyat tərzini qoruyaraq daha da möhkəmləndirib.

Deputat qeyd edib ki, milli birliyin və dövlətçilik düşüncəsinin güclənməsi Azərbaycanın üzləşdiyi mürəkkəb sınaqlardan uğurla çıxmasında da mühüm amillərdən biri olub. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesində milli iradə və qətiyyət xüsusi əhəmiyyət daşıyıb.

Sahib Alıyev İran rəsmilərinin hicab mövzusu ətrafında səsləndirdikləri fikirləri də şərh edərək bunun siyasi məqsədlər daşıya biləcəyini bildirib. Deputatın qənaətinə görə, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın hicablı olduqlarına görə təhsil ala bilmədikləri iddia edilən azərbaycanlı qızları İran universitetlərinə dəvət etməsi və bu təşəbbüsə ölkənin vitse-prezidentinin dəstək verməsi regional münasibətlər kontekstində qiymətləndirilməlidir.

O hesab edir ki, bu cür addımların mümkün məqsədlərindən biri Türk Dövlətləri Təşkilatının sammiti ərəfəsində türk dövlətləri arasında fikir ayrılıqları yaratmaqdır. Deputat, həmçinin belə təşəbbüslərin qonşu ölkələrlə münasibətlərdə gərginliyi artırmaq üçün istifadə edilə biləcəyini vurğulayıb.

Sahib Alıyev bildirib ki, Azərbaycan fiziki təhdidlərə qarşı olduğu kimi, ideoloji risklərə qarşı da qətiyyətli mövqe nümayiş etdirəcək. Onun fikrincə, ölkəmizin milli maraqlarının qorunması, cəmiyyətin ideoloji təhlükələrə qarşı məlumatlılığının artırılması və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər