media-1660637321_baku_azerbaijan

Qarşıdurmaların, münaqişələrin və müharibələrin artdığı müasir dünyada dialoqa, fikir mübadiləsinə və ortaq maraqlar naminə çıxış yollarının axtarılmasına daha çox ehtiyac var.

Milli Məclis sədrinin müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, belə mürəkkəb şəraitdə Azərbaycanın dialoq və müzakirələr üçün mühüm mərkəzə çevrilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sülhə verdiyi töhfənin göstəricisidir.

Onun sözlərinə görə, 100-dən çox ölkədən 500-dən artıq qonağın və ümumilikdə 2000-dən çox iştirakçının qatıldığı “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələri, həm də qlobal problemlərin həlli yollarını önə çıxarır.

Musa Qasımlı qeyd edib ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda mühüm rol oynaması ölkənin coğrafi mövqeyi, Avropa ilə Asiya arasında yerləşməsi, mədəniyyətlər arasında körpü rolunu oynaması və xalqımızın həyat tərzi ilə sıx bağlıdır. Onun fikrincə, dini və etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı və yaşatdığı əsas dəyərlərdəndir.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri ümummilli ideya ətrafında birləşərək ölkəmizin ərazi bütövlüyünün bərpasına töhfə veriblər. Bu qələbə milli birliyi daha da möhkəmləndirib, xalqımızın həmrəyliyini nümayiş etdirib.

O bildirib ki, Azərbaycan xalqı tarix boyu hansı siyasi sistemdə və ideoloji mühitdə yaşamasından asılı olmayaraq öz milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlayıb. Müstəqillik illərində isə bu dəyərlər daha da möhkəmlənib.

Musa Qasımlının sözlərinə görə, hazırda Azərbaycan üçün potensial risklər əsasən ölkə hüdudlarından kənarda formalaşır. O, xüsusilə ideoloji risklərin təhlükəsinə diqqət çəkərək bildirib ki, bu cür təhdidlər fiziki risklər qədər ciddi nəticələr doğura bilər. Buna görə də hər bir vətəndaş ayıq-sayıq olmalı, milli dəyərlərin qorunmasına və cəmiyyətin birliyinin möhkəmləndirilməsinə həssas yanaşmalıdır.

Deputat münaqişələrin həllində danışıqların əhəmiyyətinə də toxunub. O qeyd edib ki, tarix boyu müharibələr sonda danışıqlar masası arxasında başa çatıb. Bu baxımdan, müharibə aparan, lakin onun başa çatdırılması yollarını müəyyənləşdirməkdə çətinlik çəkən tərəflər Azərbaycanın təcrübəsindən yararlana bilərlər.

Musa Qasımlı vurğulayıb ki, Azərbaycanın keçdiyi yol, milli birliyi və ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı təcrübə münaqişələrin həlli yollarını axtaran ölkələr üçün mühüm nümunədir. Onun fikrincə, Azərbaycan bu baxımdan öyrənilməli böyük bir məktəbdir.

MələkOnur


media-adspc

Bənzər xəbərlər