Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı ölkəmizin beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanındığını bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında qeyd edib ki, son illər Azərbaycanın enerji sektoruna cəlb edilən investisiyaların artması təbii qaz hasilatının yüksəlməsinə və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin güclənməsinə şərait yaradıb.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanda təbii qaz hasilatı 2,4 faiz artaraq 51,5 milyard kubmetrə çatıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkəmizdə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Həmin dövrdə 18,4 milyard kubmetr qaz ixrac olunub. İxracın 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə digər ölkələrin payına düşüb.
Vüqar Bayramov bildirib ki, Azərbaycanın Avropa İttifaqının və digər region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu getdikcə artır. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz nəql edir və həmin ölkələrin 12-si Avropa İttifaqının üzvüdür. Bu göstəricilər ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutduğunu təsdiqləyir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Avropanın təbii qaz idxalında ən böyük beş təchizatçıdan biridir. Bu fakt ölkəmizin Avropa enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional və beynəlxalq mövqeləri daha da möhkəmlənib. Təbii qaz alan ölkələrin sayının artması ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, eləcə də geosiyasi mövqeyinin güclənməsinə müsbət təsir göstərir.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları uzunmüddətli perspektivdə həm daxili tələbatın ödənilməsinə, həm də tərəfdaş ölkələrin enerji ehtiyaclarının qarşılanmasına imkan verir. Kəşf edilmiş qaz ehtiyatlarının həcminin 2,5 trilyon kubmetr olması ölkəmizin gələcək onilliklər ərzində beynəlxalq bazarlara etibarlı qaz təchizatını davam etdirmək potensialını göstərir.
Deputat əlavə edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də mühüm layihələr həyata keçirir. Son illər bu istiqamətə 1 milyard dollardan artıq investisiyanın cəlb edilməsi ölkəmizdə enerji keçidinin intensiv şəkildə reallaşdırıldığını göstərir.
Vüqar Bayramovun fikrincə, Azərbaycanın enerji strategiyası ənənəvi enerji resurslarının ixracı ilə yanaşı, yaşıl enerji istehsalının və ixrac imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Yaxın perspektivdə ölkəmizin Avropa bazarına yalnız neft və təbii qaz deyil, həm də bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisi ixrac etməsi üçün yeni imkanlar yaranacaq. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin daha da güclənməsinə və tərəfdaş ölkələrlə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Vural










