Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada neçəncidir?- Deputat açıqladı
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə olmasının ölkənin iqtisadi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olduğunu vurğulayıb.
Vüqar Bayramovun sözlərinə görə, xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti ölkənin iqtisadi dayanıqlılığını və maliyyə təhlükəsizliyini qiymətləndirmək üçün əsas göstəricilərdən biridir.
“World Economics”in statistikasına əsasən, xarici borcun ÜDM-ə nisbətinin aşağı olmasına görə Azərbaycan dünyada ilk üçlükdə qərarlaşır. Burada söhbət xarici borclanma potensialına malik dövlətlər arasında aparılan müqayisədən gedir. Xarici borcun ÜDM-ə nisbətinin birrəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur.
Deputatın diqqətə çatdırdığı digər məqam Azərbaycanın Avropa ölkələri arasında da bu göstərici üzrə ən yaxşı nəticəyə malik olmasıdır. Avropada xarici borcun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkələr sırasında Lüksemburq, Malta və Kipr yer alır. Xarici borcun ÜDM-i üstələdiyi ölkələr arasında Fransa da var. Belə ki, Fransanın xarici borcu ÜDM-in təxminən 2,6 mislinə bərabərdir.
Vüqar Bayramov Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminə də diqqət çəkib. Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edir və bu göstərici xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
Deputat vurğulayıb ki, strateji valyuta ehtiyatlarının xarici dövlət borcundan dəfələrlə çox olması Azərbaycanın maliyyə dayanıqlılığını gücləndirən mühüm amillərdəndir. Bu nisbət ölkənin mümkün xarici iqtisadi şoklara qarşı müqavimət imkanlarını artırır və iqtisadi təhlükəsizlik baxımından əhəmiyyətli maliyyə ehtiyatının mövcudluğunu göstərir.
Əli Fərhad









