media-17931825755435861266_1200x630

Uzunmüddətli münaqişədən çıxmış ölkə olaraq Azərbaycan sülhün əsl dəyərini və mədəni-mənəvi irsin itirilməsinin doğurduğu ağrını yaxşı bilir. Biz xalqın müqəddəs kimliyini və yaddaşını daşıyan dini abidələrin və ibadət ocaqlarının dağıdılmasına şahid olmağın nə demək olduğunu çox gözəl başa düşürük.

ERAmedia xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

Komitə sədri qeyd edib ki, tarixi ədalətə və mədəni irsin qorunub saxlanılmasına sadiqliyimizdən irəli gələrək, dini irsin bərpası və mühafizəsi postmünaqişə siyasətimizin mərkəzində dayanır: “Dəyərlərimizə hörmətin əyani nümayişi olaraq, azad olunmuş ərazilərimizdəki genişmiqyaslı bərpa prosesinə məhz dini abidələrimizin bərpasından başlanılıb. Azərbaycan bu torpaqlarda mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır.

Bizim üçün bu, konkret dövlət siyasəti çərçivəsində reallaşdırılan praktik mənəvi diplomatiyanın, sosial yaraları sarımağın, mədəni kimliyi bərpa etməyin, regionda uzunmüddətli sabitliyi və qarşılıqlı etimadı gücləndirməyin sarsılmaz öhdəliyi, sülhün və birgəyaşayışın təminatına verilən real töhfədir.

Biz inanırıq ki, dövlət hakimiyyəti və dini liderlik ümumi bəşəri dəyərlər ətrafında birləşdikdə, din xadimləri qlobal miqyasda insan ləyaqətini və bərabərliyini uca tutaraq, ixtilaf deyil, həqiqi mənada sülh elçiləri kimi çıxış edə bilərlər. Bu həqiqət COP29 çərçivəsində 2024-cü ildə təşkil olunmuş “Dünya dinləri yaşıl planet uğrunda” Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitində də öz təsdiqini tapdı. Bu mühüm tədbir sübut etdi ki, belə tərəfdaşlıqlar dini icmaları bəşəriyyətin ortaq gələcəyi naminə vahid mənəvi platformada birləşdirmək gücünə malikdir”, – deyə komitə sədri qeyd edib.


media-adspc

Bənzər xəbərlər