media-f3c3a7ed-f4e7-4e30-9320-49b411983f00

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması üçün Çindən gözlədiyi nəticəni ala bilmədiyindən diqqətini Hindistana yönəldib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Pekin müharibəni dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə etməyib, əksinə, yaranmış vəziyyətdən öz maraqları naminə faydalanıb.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Rusiyanın Çindən iqtisadi və texnoloji asılılığını daha da artırıb. Rusiya Avropadan əldə edə bilmədiyi məhsul və texnologiyaları Çindən almağa məcbur qalıb. Eyni zamanda, müharibə ABŞ-ın Çinə qarşı siyasətində müəyyən yumşalmaya səbəb olub.

Siyasi şərhçi qeyd edib ki, Avropada artıq Pekinin Kremlin siyasətini dəyişdirmək üçün real addımlar atacağına dair gözləntilər zəifləyib. Bu səbəbdən Brüssel Rusiyaya təsir göstərə biləcək digər tərəfdaş kimi Yeni Dehliyə ümid bəsləyir.

Polşanın Baş naziri Donald Tuskun Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsi ətrafında geniş fikir mübadiləsi aparması da Avropanın yeni diplomatik yanaşmasının göstəricisidir. Ukrayna ilə həmsərhəd olan Polşa müharibə dövründə Kiyevə diplomatik, hərbi və humanitar dəstək göstərir. Bununla belə, Ukraynanın müharibədə məğlubiyyətinin qarşısını almaq üçün Polşanın səyləri təkbaşına kifayət etmir.

Elxan Şahinoğlunun fikrincə, Hindistanın müharibənin dayandırılması istiqamətində konstruktiv rol oynaya biləcəyinə dair müəyyən gözləntilər var. Narendra Modi Donald Tuskla görüşündə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün göstərilən bütün səyləri dəstəkləyəcəyini bildirib.

Hindistanın münaqişənin gərginliyini azaltmaq məqsədilə enerji infrastrukturuna zərbələrin dayandırılması, eləcə də taxıl və yanacaq daşıyan gəmilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı təkliflər üzərində işləməsi də diqqət çəkir.

Siyasi şərhçi vurğulayıb ki, Donald Tuskun Hindistana səfərinin əsas məqsədlərindən biri iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, digər məqsədi Yeni Dehlini Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının mövqeyini nəzərə almağa təşviq etməkdir.

Onun qənaətinə görə, Hindistan gərginliyin azaldılmasına və Rusiya ilə Ukrayna arasında danışıqlar üçün əlverişli şəraitin yaradılmasına kömək edə bilər. Ancaq Yeni Dehlinin müharibənin dayandırılmasına və sülhün əldə olunmasına zəmanət verməsi real görünmür.

Elxan Şahinoğlu hesab edir ki, Hindistan münaqişənin həllinə töhfə verməyə çalışsa da, Rusiya ilə sıx əlaqələrindən imtina etməyəcək. Yeni Dehlinin Kremlə çıxış imkanlarının olması onun Rusiya Prezidenti Vladimir Putinə və qəbul etdiyi qərarlara təsir göstərə biləcəyi demək deyil.

Siyasi şərhçi xatırladıb ki, Narendra Modi Vladimir Putinlə görüşlərində müharibənin çıxış yolu olmadığını və danışıqlara üstünlük verilməsinin vacibliyini bildirib. Lakin bu çağırışlar Rusiyanın müharibəyə yanaşmasını dəyişməyib.

Buna baxmayaraq, Brüssel Hindistanın Moskva ilə dialoq imkanlarının münaqişənin həlli baxımından faydalı ola biləcəyini düşünür. Ancaq Yeni Dehlinin Avropanın tələbləri naminə öz milli maraqlarını ikinci plana keçirəcəyi ehtimalı azdır.

Elxan Şahinoğlunun fikrincə, Hindistan indiyədək Rusiya ilə siyasi və müdafiə sahələrindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda münaqişənin həlli üçün dialoq və diplomatiyanı dəstəkləyib. Yeni Dehli Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə də müqavimət göstərib.

Beləliklə, Hindistan Avropa İttifaqı üçün Moskva ilə əlaqələrindən istifadə edə biləcək mühüm diplomatik tərəfdaşdır. Bununla belə, Yeni Dehlinin Rusiya ilə münasibətlərini qorumaq istəyi və xarici siyasətdə müstəqil mövqeyi Avropanın gözləntilərinin reallaşmasını çətinləşdirə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər