Bakı metrosundakı faciədə onlarla insanı xilas edən Milli Qəhrəman
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin anım günüdür.
ERAmedia xəbər verir ki, 1964-cü il oktyabrın 2-də anadan olan Çingiz Babayev 1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş verən dəhşətli yanğın zamanı çoxsaylı sərnişinlərin həyatını xilas etsə də, özü faciənin qurbanı olub.
Hadisə 1995-ci il oktyabrın 28-də “Ulduz” və “Nəriman Nərimanov” metrostansiyaları arasında hərəkət edən qatarda qeydə alınıb. Qatarın tuneldə alışması nəticəsində vaqonları tüstü və alov bürüyüb, sərnişinlər arasında çaxnaşma yaranıb. Çıxılmaz vəziyyətə düşən insanlar xilas olmaq üçün mübarizə apararkən Çingiz Babayev təhlükəyə baxmayaraq köməyə ehtiyacı olan sərnişinlərə yardım edib.
O, öz həyatını riskə ataraq vaqonlarda köməksiz vəziyyətdə qalan insanları xilas etməyə çalışıb və onlarla sərnişinin sağ qalmasına nail olub. Lakin bu fədakarlıq onun öz həyatına başa gəlib.
Çingiz Babayevin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. O, faciə zamanı insanların həyatını xilas etmək uğrunda göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı metrosunda baş verən yanğın ölkə tarixinin ən ağır faciələrindən biri kimi yadda qalıb. Hadisə nəticəsində 289 nəfər həyatını itirib. Həlak olanların 286-sı sərnişin, o cümlədən 28-i uşaq, 3-ü isə xilasedici olub. Daha 270 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faciənin ağır nəticələri qatarın tuneldə yanması, sərnişinlərin təxliyəsi zamanı yaranan çətinliklər və xilasetmə tədbirlərindəki çatışmazlıqlarla əlaqələndirilir. Hadisə miqyasına görə beynəlxalq səviyyədə də diqqət çəkib və Bakı metrosunun tarixinə faciəvi səhifə kimi daxil olub.
Aradan illər keçsə də, Çingiz Babayevin qəhrəmanlığı unudulmur. Onun həyatı bahasına başa gələn fədakarlığı insanlıq, cəsarət və vətənpərvərlik nümunəsi kimi xatırlanır. Hər il oktyabrın 28-də həm faciə qurbanları yad edilir, həm də çətin anlarda başqalarının həyatını xilas etmək üçün özünü təhlükəyə atan Milli Qəhrəmanın xatirəsi ehtiramla anılır.
Vüsalə









