media-whatsapp-image-2026-05-22-at-10-28-47

XVI əsrə aid dünyanın ən böyük erkən xəritələrindən biri hesab olunan italiyalı kartoqraf Urbano Montenin 1587-ci ildə hazırladığı nəhəng planisferdə Azərbaycan coğrafiyası və regionla bağlı mühüm tarixi məlumatlar əks olunub.

Avropa kartoqrafiya tarixinin ən maraqlı nümunələrindən sayılan “Ruota dove si vede la grandezza de i Giorni e della notti Tutto L’ano. Libro Quarto” adlı əsərin hazırlanması iki ildən artıq vaxt aparıb. Mütəxəssislər bu əsəri yalnız coğrafi xəritə deyil, həm də dövrün elmi biliklərini əhatə edən universal bir toplu kimi qiymətləndirirlər.

60 vərəqdən ibarət əlyazma dünya xəritəsi hazırda Stanford University nəzdində fəaliyyət göstərən David Rumsey Xəritə Kolleksiyasında qorunur. Təxminən 3×3 metr ölçüsündə olan planisfer İntibah dövründən bu günə qədər gəlib çatan ən böyük erkən dünya xəritəsi hesab edilir. Xəritənin yalnız bir əlyazma nüsxəsi mövcuddur və o, İtaliyanın Milan şəhərində Urbano Monte tərəfindən əl ilə hazırlanıb.

Tarixi mənbələrə görə, xəritənin vərəqləri birləşdirilərək mərkəzində mil yerləşən böyük taxta lövhəyə yapışdırılmalı və fırladılaraq oxunmalı idi. Rəqəmsal formada birləşdirilmiş variant isə xəritənin yaradılmasından təxminən 430 il sonra ilk dəfə vahid planisfer görnüşündə təqdim olunub.

Tam versiya ilə bu keçiddən tanış olmaq mümkündür:

https://www.davidrumsey.com/…/largest-early-world-map…

Xəritədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycan coğrafiyasının olduqca detallı təsvir edilməsidir. Avropa kartoqrafiya ənənəsinə uyğun olaraq burada həm dövrün siyasi-coğrafi adları, həm də antik dövrdən qalan tarixi terminlər paralel şəkildə işlədilib.

Araşdırmalara görə, həmin dövrün bir çox xəritələrində Azərbaycan adı “Adirbeigan”, “Azerbaian” və ya antik formaya uyğunlaşdırılmış “Adiabene” kimi qeyd olunurdu. Urbano Montenin planisferində də Xəzərin qərb və cənub-qərbində yerləşən dağlıq ərazilər qədim Midiya və Albaniya sərhədləri ilə birlikdə göstərilib.

Xəritənin həmin hissəsinə aşağıdakı keçiddən baxmaq olar:

Bax: https://archive.org/…/dr_composite-map-of-tavola-1-60…

Urbano Monte regionu ümumi şəkildə “Persia” adı altında təqdim etsə də, Səfəvi hakimiyyətinə işarə edərək böyük hərflərlə “Soffi” ifadəsini də əlavə edib. Tarixçilərin fikrincə, avropalılar həmin dövrdə Səfəvi şahlarını “Il Gran Sofi” – yəni “Böyük Sufi” adlandırırdılar.

Kartoqraf xəritənin kənar hissələrində dövrün ən güclü səkkiz hökmdarının portretlərini yerləşdirib. Bu siyahıya Avropa monarxları ilə yanaşı, Osmanlı sultanı və Səfəvi şahı da daxil edilib. Bu detal İtaliya kartoqrafının Azərbaycanın daxil olduğu Səfəvi imperiyasını dövrün əsas siyasi güclərindən biri kimi qəbul etdiyini göstərir.

Xəritədə regionun iqtisadi və ticarət əhəmiyyəti də vurğulanıb. Xüsusilə Böyük İpək Yolunun fəaliyyəti fonunda Təbriz və Midiya ətrafında dəvə təsvirləri yerləşdirilib ki, bu da yerli həyat tərzi və karvan ticarətinə işarə edir.

Monte həmçinin okean və dənizləri mifik varlıqlarla təsvir etməyi sevən kartoqraflardan biri olub. Planisferdə Xəzər dənizi də daxil olmaqla müxtəlif su hövzələrində böyük balıqquyruqlu və qəribə başlı dəniz məxluqları, eləcə də gəmiləri izləyən fantastik canlılar təsvir olunub. Orta əsr və İntibah dövründə dənizçilər naməlum sularda bu cür varlıqların yaşadığına inanırdılar.

Mövzu ilə bağlı araşdırma materialı burada yerləşdirilib:

https://www.academia.edu/…/Catalogo_del_Mapa_de_Urbano…

Araşdırmalarda qeyd olunur ki, xəritədə istifadə edilən terminlər və coğrafi adlar XVI əsrdə Azərbaycan ərazisi, burada yaşayan əhali və regionun dövlətçilik ənənələri barədə avropalıların təsəvvürünü əks etdirir.

Xəritədə Xəzərin şimal-qərb hissəsində Yəcuc və Məcuc tayfalarının qapadıldığı dağlara da işarə edilib. Orta əsr xəritələrində Qafqaz dağları tez-tez dünyanın sonunu gətirəcək vəhşi tayfaların saxlanıldığı sərhəd məkanı kimi təsvir olunurdu.

Əlavə elmi araşdırma ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.researchgate.net/…/384984128_Mapas_del…

Xəritədə “Armenia” adına da rast gəlinir. Lakin müəllif bu adı ayrıca dövlət atributu kimi deyil, Osmanlı və Səfəvi imperiyalarının sərhədində yerləşən dağlıq və strateji coğrafi ərazi kimi təqdim edib.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər