Ekspert: Açıq məlumat portalı real işlək platformaya çevrilməlidir
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Openwave” hackathonu ilə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, Osman Gündüz bildirib ki, bu cür yarışmalar gənclər, developerlər və startaplar üçün faydalı təşəbbüsdür və mükafat fondunun olması marağı daha da artırır.
Onun sözlərinə görə, burada əsas diqqət çəkən məsələ hackathonun dövlətə məxsus açıq məlumat bazaları üzərində rəqəmsal həllərin qurulmasına həsr edilməsidir. Ekspert hesab edir ki, ölkədə açıq data ekosistemi hələ tam formalaşmadığından bu istiqamətdə ciddi problemlər qalmaqdadır və bu sahəyə cavabdeh əsas qurumlardan biri də məhz İRİA-dır.
Osman Gündüz qeyd edib ki, Azərbaycanda açıq məlumat portalı uzun illərdir real işlək platformaya çevrilə bilməyib. Onun fikrincə, vacib məlumatların bir hissəsi ümumiyyətlə əlçatan deyil, mövcud datasetlərin bir çoxu isə ya köhnədir, ya natamamdır, ya da biznes və innovasiya baxımından cəlbedici hesab edilmir. Bundan əlavə, məlumatların əhəmiyyətli hissəsi API, CSV və JSON kimi maşınoxunan formatlarda təqdim olunmur.
Ekspert vurğulayıb ki, açıq məlumatlarla bağlı hüquqi mexanizmlərin və vahid standartların tam formalaşmaması da əsas problemlərdəndir. Hazırda ictimai əhəmiyyətli məlumatların paylaşılması ilə bağlı müəyyən tələblər olsa da, həmin məlumatların emal oluna bilən və texnoloji istifadəyə uyğun formatda təqdim olunması dövlət qurumları üçün məcburi xarakter daşımır.
“Belə olan halda sual yaranır ki, developerlər hackathonda hansı data üzərində rəqəmsal məhsul qurmalıdır?” – deyə Osman Gündüz bildirib.
Azərbaycan İnternet Forumunun rəhbərinin fikrincə, hazırkı mərhələdə İRİA üçün daha vacib istiqamətlər dövlət qurumlarını məlumat bazalarını açmağa təşviq etmək, açıq məlumat standartlarını formalaşdırmaq, API və digər maşınoxunan formatların tətbiqini genişləndirmək, dövlət qurumlarının açıq data üzrə reytinqini hazırlamaq və keyfiyyətli data paylaşan qurumları təşviq etmək olardı.
Osman Gündüz hesab edir ki, dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan olmadıqca “open innovation” anlayışının da tam effekt verməsi çətin olacaq. Onun sözlərinə görə, bu mərhələdə “Openwave” hackathonundan daha praktik və faydalı addım nazirliklər və agentliklər arasında müstəqil “Open Data Award” müsabiqəsinin təşkili ola bilərdi.
Ekspert xatırladıb ki, Prezident tərəfindən cari ilin əvvəlində təsdiqlənmiş 2026–2028-ci illər üzrə Fəaliyyət Planında da açıq məlumatlar və dövlət datasının idarəçiliyi ayrıca prioritet istiqamət kimi müəyyənləşdirilib. Sənəddə keyfiyyətli datanın əlçatanlığı, məlumat mübadiləsinin gücləndirilməsi və data idarəçiliyi məsələlərinin strateji əhəmiyyət daşıdığı xüsusi qeyd olunur.
Osman Gündüz sonda bildirib ki, İRİA üçün əsas məsələ yalnız tədbirlər təşkil etmək deyil, dövlət datasını real istifadəyə yararlı, biznes və startaplar üçün əlçatan bir resursa çevirmək olmalıdır.
Vüsalə










