media-whatsapp-image-2026-06-03-at-10-04-54

Fransa Milli Arxivində qorunan nadir sənədlərdən biri də Əmir Teymurun Fransa kralı VI Karla göndərdiyi məktubdur.

ERAmedia xəbər verir ki, 1402-ci ildə qələmə alınan bu sənəd Ankara döyüşündən sonra Şərq və Qərb arasında formalaşan diplomatik münasibətlərin mühüm nümunələrindən hesab olunur. Məktubda dostluq, ticarət əlaqələrinin inkişafı və qarşılıqlı təhlükəsizlik məsələləri xüsusi yer tutur. Bu yazışma həm də Əmir Teymurun Avropa dövlətləri ilə qurmağa çalışdığı siyasi və iqtisadi əlaqələr barədə dəyərli tarixi məlumatlar təqdim edir.

Fransa Milli Arxivində AE/III/204 inventar nömrəsi ilə qorunan bu sənəd Əmir Teymurun 1402-ci ildə Fransa kralı VI Karla göndərdiyi tarixi məktubun fars dilində perqament üzərində yazılmış nüsxəsidir.

Məktubda deyilir:

“Əmir Teymur Gürəkanın sözü.

Fransa məlikinə çoxlu salamlar, dostluq və rəğbət arzuları çatdıqdan sonra…

Uca və Böyük Tanrının fərmanı, Onun lütfü və sonsuz qüdrəti ilə yer üzündə asayiş bərqərar oldu. Onun uca dərgahına şükürlər olsun! Sizə bəyan olsun ki, biz hörmətli elçimiz, dindar rahib Françiskonun (Sultaniyyə arxiyepiskopu) vasitəsilə dostluq və səmimiyyət məktubları göndərmişdik.

Bildiyiniz kimi, Bəyazid qoşun toplayaraq bizə qarşı çıxmışdı. Lakin Tanrının lütfü və yardımı ilə biz onu darmadağın etdik, ordusunu məğlubiyyətə uğratdıq və özünü əsir götürdük. Bu böyük qələbə bizim haqqa sadiqliyimizin bir nişanəsidir.

İndi isə dostluğumuzun daha da möhkəmlənməsi üçün aramızda elçilərin gediş-gəlişi davam etməlidir. Biz öz tərəfimizdən bəyan edirik ki, sizin tacirləriniz ölkələrimizə sərbəst şəkildə gələ bilərlər. Onların təhlükəsizliyi tam təmin olunacaq, qorunacaqlar və onlara qarşı heç bir haqsızlıq və ya maneə törədilməyəcək.

Eyni şəkildə, bizim tacirlərimiz də sizin ölkələrə gəldikdə onlara eyni hörmətin göstərilməsini, təhlükəsizliklərinin təmin olunmasını və hüquqlarının qorunmasını sizdən xahiş edirik. Çünki dünya tacirlərin fəaliyyəti və gediş-gəlişi sayəsində abadlaşır.

Bu barədə fikirlərinizi və istəklərinizi hörmətli elçimiz Rahib Françisko vasitəsilə bizə bildirə bilərsiniz. Salam olsun haqqa tabe olanlara və doğru yolu seçənlərə!”

İlk növbədə qeyd etmək lazımdır ki, Teymurla Fransa kralı VI Karl arasında rəsmi səfirlik mübadiləsi barədə məlumatlar məhduddur və Fransa arxivlərində qorunan diplomatik yazışmalar əsasən Ankara döyüşündən sonrakı dövrə aiddir.

1402-ci il iyulun 28-də Əmir Teymur Ankara döyüşündə Osmanlı sultanı İldırım Bəyazidi məğlub etdi. Bu qələbə həmin dövrdə Osmanlı genişlənməsindən ciddi narahat olan Avropa krallıqlarında, xüsusilə Fransa və İngiltərədə böyük maraq və məmnunluqla qarşılandı.

Osmanlıların əsir saxladıqları bir çox avropalı, o cümlədən fransız əsirlər və sənətkarlar Teymurun əlinə keçmişdi. Teymur onların bir qismini azad edərək Fransa kralına xoş niyyət rəmzi kimi geri göndərdi. Bəzi sənətkar və mütəxəssislər isə qısa müddət ərzində Səmərqənddə aparılan quruculuq işlərinə cəlb olundular.

Teymurun VI Karla ünvanladığı məktubdan belə nəticəyə gəlmək olar ki, tərəflər arasında bundan əvvəl də müəyyən yazışmalar olub. Bu əlaqələrin Roma Kuriyasının dəstəyi ilə fəaliyyət göstərən katolik ruhaniləri vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Fransa kralının cavab məktubunda iki dövlət arasında ticarət əlaqələrinin inkişafına xüsusi diqqət ayrıldığı qeyd edilir. Məktubda fransız təbəələrinin Teymurun hakimiyyəti altında olan ərazilərə sərbəst giriş imkanlarından istifadə etdikləri vurğulanır. Sonrakı yazışmalar da göstərir ki, tərəflər qarşılıqlı ticarətin genişləndirilməsində maraqlı idilər.

Əmir Teymur hakimiyyəti dövründə Avrasiyanın böyük bir hissəsini öz nəzarəti altında birləşdirən ən qüdrətli hökmdarlardan biri hesab olunurdu. O, Avropa dövlətləri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, xüsusilə Osmanlılarla qarşıdurma fonunda bu əlaqələri strateji baxımdan faydalı hesab edirdi.

Teymur yalnız Fransa ilə deyil, İspaniya ilə də əlaqələrin inkişafına önəm verirdi. O, səfir Çağatayı hədiyyələrlə birlikdə Kastiliya sarayına göndərmişdi. Buna cavab olaraq Kastiliya kralı III Henrix 1403-cü il mayın 21-də Ruy Qonzales de Klavixonun rəhbərliyi ilə Alfonso Paes və Qomes de Salazardan ibarət nümayəndə heyətini Səmərqəndə göndərdi.

Klavixonun məşhur səfəri nəticəsində Avropa Teymur imperiyası haqqında daha geniş məlumat əldə etdi. Mənbələrə görə, Teymur ölümündən az əvvəl İspaniya kralına xüsusi rəğbət göstərərək onu “öz oğlu” hesab etdiyini bildirməyi tapşırmışdı.

Avropa ilə əlaqələr genişləndikcə, müxtəlif ölkələrdən olan cəngavərlər, səyyahlar və diplomatlar Teymurun sarayına üz tuturdular. Onlardan biri də fransız cəngavəri Jak de Feya idi. Tədqiqatçı Mişel Bernardininin “Tamerlanın sarayında fransız Jak du Fay” adlı məqaləsində qeyd olunur ki, o, Teymurun yanında xidmət edən və ona sadiqliyi ilə seçilən avropalılardan biri olmuşdur.

Bu diplomatik təmaslar genişmiqyaslı hərbi-siyasi ittifaqa çevrilməsə də, Şərqlə Qərb arasında münasibətlərin inkişafında mühüm iz qoydu. Teymur dövründə qurulan əlaqələr sonrakı əsrlərdə Avropa ilə türk-müsəlman dövlətləri arasında diplomatik və ticarət münasibətlərinin formalaşmasına müəyyən təsir göstərdi.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər