Füzuli uğrunda son nəfəsinə qədər döyüşən qəhrəman
Vətən müharibəsində qəhrəmanlığı ilə yadda qalan şəhid Ramil Yusifzadənin doğum günüdür. 1998-ci ildə anadan olan igid döyüşçü 2020-ci ilin 44 günlük müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib və göstərdiyi şücaətlə silahdaşlarının yaddaşında xüsusi yer qazanıb.
ERAmedia bildirir ki, döyüşlər zamanı bölmənin qərargah rəisi yaralandıqda Ramil Yusifzadə təhlükəyə baxmayaraq onun köməyinə çatıb. Partlayış nəticəsində zabitin üzərinə tökülən mərmi qalıqlarını təmizləyən şəhidimiz ona su verərək həyatının xilas olunmasına yardım edib. Hazırda həyatda olan qərargah rəisi müxtəlif çıxışlarında Ramilin göstərdiyi fədakarlığı heç vaxt unutmayacağını bildirib.
Şəhid Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə ön xəttə daxil olaraq qarşı tərəfin müdafiə mövqelərinin yarılmasında iştirak edib. İlk yarasını almasına baxmayaraq tibbi yardımdan imtina edərək döyüşü davam etdirib. Daha sonra ayağından yenidən yaralanan hərbçiyə ilkin tibbi yardım göstərilsə də, qısa müddət sonra düşmən atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Ramil Yusifzadə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qəhrəman şəhidimizin əziz xatirəsi hər zaman ehtiramla yad edilir.










