Hesablama Palatası təhlil aparıb
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.
Palatadan ERAmedia -ya bildirilib ki, bu məqsədlə mərkəzləşdirilmiş şəkildə 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat məbləğində vəsaitin istifadə olunduğu müəyyən edilib. Bundan əlavə, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üzrə bəzi təşkilatların fərdi xərclər smetasında proqnozlaşdırılan 2023-cü ildə ümumilikdə 18 təşkilat üzrə 17,3 milyon manat, 2024-cü ildə isə 20 təşkilat üzrə 19,1 milyon manat məbləğində vəsaitin icrası da araşdırılıb.
Təhlil daşınmaz əmlakın icbari sığortası üzrə 117 təşkilatı, nəqliyyat vasitələrinin icbari sığortası üzrə isə 178 təşkilatı əhatə edib. Eyni zamanda, müvafiq məlumatların əldə edilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına və sığorta təşkilatlarına da sorğular ünvanlanıb. Aparılmış təhlil nəticəsində xüsusi önəm kəsb edən bir sıra məsələlər üzrə ümumiləşdirilmiş nəticələri aşağıdakı kimi təqdim etmək olar:
– təhlil göstərir ki, “Büdcə sistemi haqqında” Qanunun 11.6 və 11.8-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara aid nəqliyyat vasitələrinin icbari sığortası üzrə əvvəlki illərin faktiki xərclərinin məlum olmasına baxmayaraq, iqtisadi təsnifatın müvafiq kodları da (222600 və 222920) daxil olmaqla, bu xərclər hər bir təşkilatın fərdi xərclər smetasında ayrıca deyil, əsasən dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının “Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı 12-ci bölməsində ümumiləşdirilmiş şəkildə proqnozlaşdırılmış və dürüstləşmə aparılmaqla icra edilib;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 2023–2024-cü illər ərzində ünvanlı dövlət sosial yardımı almış aztəminatlı ailələr və onların mülkiyyətində olan daşınmaz əmlaklar (yaşayış sahələri) barədə məlumatlara əsasən 2023-cü ildə ünvanlı dövlət sosial yardımı almış şəxslərə məxsus 19 344 ədəd daşınmaz əmlak, 2024-cü ildə isə 16 min 925 daşınmaz əmlak olduğu halda və dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası məqsədi ilə vəsait nəzərdə tutulmasına baxmayaraq, aztəminatlı ailələrin əmlakı sığortalanmayıb. Qeyd olunan vəziyyət qanunvericiliyin icrasında institusional məsələlərə baxılmalı olduğunu və sosial cəhətdən həssas əhali təbəqələrinin əmlak maraqlarının müdafiəsində qanunvericiliklə müəyyən edilmiş fəaliyyətin həyata keçirilmədiyini göstərib;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 may tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”na əsasən, sığorta haqları əvvəlcədən deyil, yalnız icbari sığorta müqaviləsi bağlandıqdan və bu barədə hesabat forması Mərkəzi Banka təqdim edildikdən sonra ödənilir. Lakin, bu yanaşma icbari sığorta müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün sığorta haqqının əvvəlcədən ödənilməsini tələb edən qanunvericiliyin ümumi müddəaları ilə ziddiyyət təşkil edib. Nəticə etibarilə, mövcud qanunvericilik aktları və Nazirlər Kabinetinin qərarı arasında hüquqi uyğunsuzluq mövcud olub, bu da aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortalanması ilə bağlı sığorta haqqının ödənişində hüquqi tənzimləməyə baxılması zərurətini meydana çıxarıb.









