Həvəskar futbolçu və peşəkar siyasətçinin acı sonluğu - Tarixi DOSYE
Adnan Menderes 1899-cu ildə doğulub. Krım tatarı olan babası Hacı Əli Paşa Konyadan köç edib. Atası İbrahim Etem bəy, anası isə Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirib, nənəsinin himayəsində yaşayıb. Bacısı Məlikə də kiçik yaşlarında vəfat edib. Birinci Dünya müharibəsi illərində gənc yaşda olan Adnan Menderes həm təhsilini davam etdirib, həm də müxtəlif sosial fəaliyyətlərlə məşğul olub. O dövrdə daha çox İzmirin “Altay” klubunda və digər futbol klublarında həvəskar kimi fəaliyyət göstərib.
ERAmedia bildirir ki, təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes Qızılçulu Amerikan Kollecində oxuyan missionerlərlə bağlı problemlər üçün müxtəlif yerlərə müraciət edir.
Müraciət etdiyi qurumlardan birinin başında Cəlal Bayar dururdu. O, sonradan birlikdə çalışdığı Cəlal Bayarla belə tanış olub. Birinci Dünya müharibəsi illərində hərbi təlim keçib, lakin xəstələndiyi üçün cəbhəyə getməyib.
1919-cu ilin iyun ayında Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin Aydın bölgəsini işğal edən Yunanıstana qarşı hücum başladığı zaman Adnan bəy bir neçə silahdaşları ilə birlikdə “Ay-ulduz Müqavimət Təşkilatı”na qoşulub. Sonrakı dövrdə bölgənin Sökə rayonunda piyada alayı yavəri olaraq Türkiyənin İstiqlal savaşında iştirak edib. Savaşdakı xidmətlərinə görə qırmızı zolaqlı “İstiqlal” medalı ilə təltif edilib.
14 may 1950-ci il seçkilərində DP səslərin 52,7%-ni toplayaraq Türkiyə hökumətini formalaşdırmaq hüququ əldə etdi. Cəlal Bayar prezident (1950–1960), Adnan Menderes isə baş nazir (1950–1960) oldu və həmin dövrün sosial və siyasi həyatına öz damğasını vurdu. Hakimiyyəti dövründə 5 hökumət qurdu. Onun 10 illik idarəçiliyi zamanı daxili və xarici siyasətdə böyük inkişaf və tərəqqi əldə olundu. Sənayeləşmə və şəhərsalma sürətləndi, kənd təsərrüfatına ilk avtomobillər və digər texnikalar gətirildi, rabitə, enerji, təhsil, səhiyyə, sığorta və bankçılıq sahələri inkişaf etməyə başladı.
27 may 1960-cı il tarixində Türk Silahlı Qüvvələrinin təşkil etdiyi xunta tərəfindən çevriliş edildi və o, həbs olundu. Yassıadada bütün iqtidarı mühakimə etmək üçün Milli Birlik Komitəsi tərəfindən yaradılan Yüksək Ədalət Divanının qərarı ilə daha iki nazirlə birlikdə edama məhkum edilərək İmralı adasında asıldı. Yassıada dustaqlığı dövründə müxtəlif işgəncələrə məruz qaldığı bildirilir.
Çevrilişdən sonra bütün DP üzvləri kimi Adnan Menderes haqqında da cəmiyyətdəki fikirlər dəyişməyə başladı. 22 may 1987-ci ildə Menderes Polatkan və Zorlunun məzarlarının İmralıdan çıxarılmasını təmin edən qanun Türkiyə Böyük Millət Məclisindən keçsə də, onların dövlət səviyyəsində vida mərasiminin keçirilməsinə qarşı çıxılması bu prosesi dondurdu. Yalnız 1990-cı il sentyabrın 17-də prezident Turqut Özalın da qatıldığı bir mərasimlə “edam edilmiş nazirlər” İstanbulda yenidən dəfn edildi. Sonradan Adnan Menderes müəyyən bəraət qazandı. Onun adı universitetlərə, parklara və küçələrə verildi.
Vural Həsənoğlu










