media-66cefa356821566cefa3568216172484050166cefa356821366cefa3568214

Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti ilə seçilən yazıçı Əlibala Hacızadə barədə ailəsinin bölüşdüyü xatirələr onun həm yaradıcılığına, həm də şəxsi həyatına fərqli rakursdan işıq salır.

ERAmedia xəbər verir ki, ən çox oxunan əsərlərindən biri olan “İtkin gəlin” romanındakı əsas qadın obrazının yaranması ilə bağlı yazıçının danışdığı maraqlı hadisə illər sonra da xatırlanır.

Yazıçı o zaman xatirələrində danışıb ki, bir gün işə gedərkən küçədə qəribə bir mənzərə ilə rastlaşıb. Nə avtomobillər irəliləyir, nə də insanlar tərpənirmiş. Sonradan məlum olub ki, hamının diqqəti qarşıdan gələn olduqca gözəl bir gənc qıza yönəlib. Yazıçı həmin anın təsiri ilə bu gözəlliyi qələmə almağa çalışsa da, bunu sözlə ifadə etməyin çətin olduğunu deyib. Bununla yanaşı vurğulayıb ki, romandakı obraz tək bir insanın təsviri deyil, müxtəlif xarakterlərin ümumiləşdirilmiş bədii təqdimatıdır.

Yazıçının qızı Asya Hacızadənin sözlərinə görə, atasının kitablarına oxucular arasında böyük maraq vardı və nəşrdən qısa müddət sonra onları tapmaq çətinləşirdi. Hətta ailənin özündə belə bəzən kitabın bir nüsxəsi qalmırdı. Onun xatirəsinə görə, bir dəfə “İtkin gəlin” romanının başqa dilə çevrilməsi planlaşdırılanda evdə təqdim etmək üçün bir nüsxə belə tapılmayıb. Nəticədə kitab kitabxanadan götürülüb.

Əlibala Hacızadə uzun illər Azərbaycan Milli Elmlər Akademiyası şəhərciyində yerləşən sadə ikiotaqlı mənzildə yaşayıb. Ayrı iş otağı olmadan, adi yazı masasının arxasında öz əsərlərini ərsəyə gətirib. Ailə üzvləri bununla bağlı zarafat etdikdə isə yazıçı rahat şəraitin bəzən yaradıcılığın təbiiliyinə mane ola biləcəyini söyləyirmiş.

Maraqlıdır ki, Əlibala Hacızadəyə rəsmi fəxri ad verilməsə də, oxucular arasında ona böyük hörmət göstərilib. Bir çoxları onu Xalq yazıçısı kimi qəbul edib, bəzi televiziya proqramlarında da adı bu şəkildə təqdim olunub.

Ailənin xatirələrində yazıçının həyat yoldaşı ilə bağlı hissələri də xüsusi yer tutur. Uzun müddət şəkərli diabetdən əziyyət çəkən xanımının vəfatı Əlibala Hacızadəyə ağır təsir edib. Yazıçı həyat yoldaşının ölümündən cəmi 50 gün sonra dünyasını dəyişib. Bu ayrılıq ailəsinin yaddaşında dərin iz buraxıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər