media-1772615142_hurmuz-a-2443244_1

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam etdirməsi qlobal enerji bazarlarında ciddi dalğalanma yaradıb.

ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, müharibənin uzanması neft və qazın qiymətlərini artıq astronomik səviyyəyə qaldırıb və prosesin hələ başlanğıc mərhələsində olduğu görünür.

Siyasi şərhçinin sözlərinə görə, yaranmış vəziyyətdən ən çox zərər çəkən ölkələrin başında Çin gəlir. O qeyd edib ki, Çin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit idxalından ciddi şəkildə asılıdır. Pekin uzun müddət Venesuela və İrandan daha ucuz neft alırdı, lakin hazırkı şəraitdə bu imkan demək olar ki, aradan qalxıb.

Elxan Şahinoğlu vurğulayıb ki, İranın Hörmüz boğazını bağlaması və ya bu ərazini hərbi nəzarət altında saxlaması Çinin ərəb ölkələrindən enerji idxalını da çətinləşdirib. Onun sözlərinə görə, Çin Hörmüz boğazından keçən neftin təxminən 38 faizini alırdı və bu marşrut Pekin üçün strateji əhəmiyyət daşıyır.

Şərhçi bildirib ki, müharibə başlayandan sonra Çin tərəflərə bir neçə dəfə mesaj göndərib. İlk müraciətdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Hörmüz boğazının və ona bitişik suların beynəlxalq ticarət və enerji daşımaları üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Çin diplomatı həmçinin Pekinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu bildirib.

Lakin, Elxan Şahinoğlunun sözlərinə görə, bu çağırış cavabsız qalıb.

“Bundan sonra Pekin birbaşa Tehrana müraciət edib və enerjidaşıyıcılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Hörmüz boğazının açıq saxlanılmasını tələb edib. Çin xüsusilə Körfəz ölkələrindən, o cümlədən Qətərdən gələn enerji tədarükündən asılı olduğunu xatırladaraq İranı gərginliyi artırmamağa çağırıb”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, Pekin müraciətində qlobal və Çin bazarları üçün həyati əhəmiyyət daşıyan enerji marşrutlarının təhlükə altına düşməməsinin vacibliyini vurğulasa da, Tehran bu çağırışa da reaksiya verməyib.

Elxan Şahinoğlunun fikrincə, Çin İranın strateji tərəfdaşlarından biri olsa da, Tehran hazırda öz neftini sata bilmədiyi üçün region ölkələrinin enerji ixracını da çətinləşdirməyə yönələn siyasət yürüdür və Hörmüz boğazından keçən tankerlərə təzyiq göstərməkdən imtina etmir.

Vural


media-adspc

Bənzər xəbərlər