İran: Prezidentin istefası gündəmdədir?
İranda prezident Məsud Pezeşkianın dini liderə istefa ərizəsi təqdim etməsi ilə bağlı məlumatlar rəsmi şəkildə təkzib edilsə də, ölkədəki mövcud siyasi vəziyyət fonunda bu iddialar diqqət çəkməyə davam edir.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, İranda yaranmış idarəetmə böhranı və SEPAH-ın təsir imkanlarının genişlənməsi belə məlumatların meydana çıxmasını şərtləndirən əsas amillərdəndir.
Onun sözlərinə görə, Əli Xameneinin ölümündən sonra ölkə idarəçiliyində ciddi problemlər yaranıb və xüsusilə SEPAH-ın siyasi, hərbi və sosial-iqtisadi sahələrdə qərarverici səlahiyyətləri de-fakto öz əlində cəmləşdirməsi daxili ziddiyyətləri daha da dərinləşdirib. Təhlilçi qeyd edir ki, bu proseslə bağlı ortaya çıxan müxtəlif məlumatlar və açıqlamalar ölkədaxili gərginliyin miqyasını göstərir.
Asif Nərimanlı bildirib ki, Pezeşkianın hakimiyyətə gəlməsi təsadüfi olmayıb və bu, Xameneinin siyasi planlarının bir hissəsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, bu addım həm azərbaycanlıların dəstəyini qazanmağa, həm də etnik qruplara mərkəzi hakimiyyətdə yüksəlmək imkanının mövcudluğunu nümayiş etdirməyə hesablanmışdı. Eyni zamanda, bu qərar mühafizəkar dairələrə dini liderin siyasi iradəsini göstərmək məqsədi daşıyırdı.
Təhlilçi vurğulayıb ki, radikal qüvvələr Pezeşkianın prezidentliyini əvvəldən qəbul etməyib və onun Xameneinin sağlığında istefa vermək istəməsi ilə bağlı iddialar da bu qarşıdurmanın nəticəsi kimi dəyərləndirilə bilər. Lakin hazırkı mərhələdə vəziyyət daha mürəkkəb xarakter alıb.
Asif Nərimanlının sözlərinə görə, yeni dini liderin idarəetmədə aktiv iştirak etmədiyinə dair yayılan məlumatlar qərarvermə mexanizminin fəaliyyətini zəiflədir. O qeyd edib ki, Müctəba Xameneinin təlimatlarını əsasən vasitəçilər üzərindən çatdırdığı iddiaları həm siyasi, həm də hərbi idarəçilik sistemində problemlər yaradır və bu şərait SEPAH-ın ölkə üzərində təsirini daha da artırır.
Siyasi təhlilçi hesab edir ki, Pezeşkianın mümkün istefa təşəbbüsü müəyyən mənada hesablanmış siyasi gediş də ola bilər. Onun fikrincə, prezident müharibə şəraitində istefa məsələsini gündəmə gətirməklə SEPAH-ın müdaxilə imkanlarını məhdudlaşdırmağa çalışa bilər. Bununla belə, İran daxilində formalaşmış qüvvələr balansı fonunda belə bir taktikanın uğurlu olacağı inandırıcı görünmür.
Asif Nərimanlı qeyd edib ki, hazırda SEPAH-ın təsir imkanlarını azalda və hakimiyyət bölgüsünü yenidən formalaşdıra biləcək güclü siyasi fiqur görünmür. Onun sözlərinə görə, “keşikçilər” müharibənin yaratdığı imkanlardan istifadə edərək nəzarət mexanizmlərini daha da genişləndirməyə çalışırlar.
Təhlilçi hesab edir ki, mövcud şəraitdə Pezeşkianın istefa məsələsini təxirə salmağa və səlahiyyətlərinin faktiki məhdudlaşdırılması reallığı ilə barışmağa məcbur ediləcəyi ehtimalı yüksəkdir. Bununla yanaşı, daxili ziddiyyətlərin dərinləşməsi fonunda onun prezident postunu vaxtından əvvəl tərk etməsi ehtimalının da artdığı vurğulanır.
Asif Nərimanlının qənaətinə görə, ABŞ ilə atəşkəs və ya mümkün müharibə ssenariləri ətrafında davam edən qeyri-müəyyənlik İran daxilində hakimiyyət uğrunda mübarizəni daha da kəskinləşdirəcək. O bildirib ki, bu mübarizədə ən güclü tərəf hazırda SEPAH kimi görünür. Lakin “keşikçilər”in tam nəzarət etdiyi İran modelinin formalaşması təkcə ölkə üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi baxımından da ciddi risklər yarada bilər.
Vural









