İrandan yeni təhlükə: Tehran Bakı–Tbilisi–Ceyhan kəmərini hədəfə alır? – AÇIQLAMA
İranın Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərini hədəfə ala biləcəyi ilə bağlı iddialar Naxçıvana edilən hücum fonunda yenidən aktuallaşıb.
ERAmedia xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, BTC kəmərinə hücum çağırışları İranda daha əvvəl – “12 günlük müharibə”dən sonra rejimə yaxın ekspert və analitiklər tərəfindən səsləndirilməyə başlanmışdı.
“Əslində, həmin dövrdə İran daxilində belə bir tezis irəli sürülürdü ki, müharibə şəraitində BTC-ni vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektiv addım ola bilər. Bu çağırışlar iki əsas məntiqə əsaslanır”, – deyə Nərimanlı qeyd edib.
Siyasi şərhçi bildirib ki, birinci arqumentə görə, Hörmüz boğazının bağlanması təkcə Qərb ölkələrinə deyil, İranla münasibətləri normal olan dövlətlərə də ciddi problemlər yarada bilər və bu addım qlobal miqyasda ciddi narazılıq doğurar.
“İkinci arqument isə belədir ki, “sionistlərin İrana hücum edən təyyarələri Azərbaycan nefti ilə təmin olunur”. Bu iddiaya əsaslanaraq BTC-yə zərbə endirilməsinin İsrailin hücum potensialına zərbə vurmaq kimi təqdim olunması cəhdi var. Yəni mümkün hücum İran tərəfindən “özünümüdafiə hüququ” kimi əsaslandırılmağa çalışıla bilər”, – deyə o bildirib.
Asif Nərimanlı qeyd edib ki, beynəlxalq mediada da bu istiqamətdə diqqətçəkən məlumatlar dərc olunur. Onun sözlərinə görə, “Middle East Eye” nəşri bir neçə gün əvvəl yayımladığı “İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan–Türkiyə boru kəməri ilə bağlı narahatlıq doğurur” başlıqlı məqalədə İran rəsmilərinin açıqlamalarına istinad edib.
“Məqalədə SEPAH komandanının müşavirinə istinadla bildirilir ki, Tehran düşmənlərinin neft təchizatı xətlərini hədəfə ala bilər və regionda neft ixracının davam etməsinə imkan verməyəcək”, – deyə siyasi şərhçi vurğulayıb.
Nərimanlının sözlərinə görə, nəşrə danışan yüksək vəzifəli ərəb mənbələri də bu açıqlamanın BTC ilə bağlı narahatlıqları artırdığını bildiriblər.
“Mənbələrin fikrincə, İranın “düşmən neft xətlərinə” zərbə endirmək təhdidi faktiki olaraq BTC neft kəmərinə işarə kimi qiymətləndirilə bilər. Çünki İsrail xam neftin bir hissəsini məhz bu marşrut vasitəsilə əldə edir”, – deyə o qeyd edib.
Siyasi şərhçi hesab edir ki, mövcud məlumatların analizi İranın Naxçıvana hücumdan sonra növbəti hədəf kimi BTC-ni seçə biləcəyi risklərini gücləndirir.










