İraq nefti Türkiyə üzərindən ixrac ediləcək
İraq Kürdüstan Regional Hökumətinin (IKBY) baş naziri Məsrur Bərzani ilə ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İraq neftinin Türkiyə üzərindən ixracının artırılması məsələsini müzakirə ediblər.
ERAmedia xəbər verir ki, IKBY Baş Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, tərəflər telefon danışığı zamanı İraq Kürdüstanı və regiondakı ümumi vəziyyəti də müzakirə ediblər.
Səfir Barrak, Donald Trampın salamlarını Məsrur Bərzaniyə çatdıraraq, İraq hökumətinə Türkiyə üzərindən neft ixracı məsələsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Məsrur Bərzani isə Bağdad rəhbərliyi ilə danışıqların davam etdiyini qeyd edib. O bildirib ki, mövcud çətin vəziyyətdə xalqın maraqlarını qorumaq üçün neft ixracının asanlaşdırılması məqsədilə IKBY komandasına müvafiq tapşırıqlar verib.
Bərzani vurğulayıb ki, ictimai maraqlar naminə lazım olan addımlar atılacaq. O, ABŞ-ı Ərbil və Bağdad arasında gömrük və ticarət sanksiyaları ilə bağlı aparılan danışıqlarda müşahidəçi rolunu davam etdirməyə çağırıb.
Tərəflər həmçinin regionda sülh, təhlükəsizlik və sabitliyin təmin olunması üçün IKBY ilə ABŞ arasında davam edən əməkdaşlıq və koordinasiyanın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Vural










