İstehlak bazarında bahalaşma: İlk rübdə 5,7 faiz artım qeydə alındı
İlin ilk rübündə istehlak bazarında 5,7 faiz qiymət artımı qeydə alınıb.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov istehlak bazarındakı inflyasiya göstəricilərini açıqlayıb.
Məlumata görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,8 faiz təşkil edib. 2026-cı ilin mart ayında isə bu kateqoriya üzrə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.
Deputatın sözlərinə görə, ötən ay qida məhsullarında qiymət artımlarının strukturunda meyvə və tərəvəzlərdə daha yüksək bahalaşma müşahidə olunub. Belə ki, meyvələrdə 3,6 faiz, tərəvəzlərdə isə 3,2 faiz qiymət artımı qeydə alınıb.
Mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, eləcə də limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü və kartofun qiymətində artım müşahidə olunub.
Vüqar Bayramov qeyd edib ki, meyvə və tərəvəzlərdə bahalaşmanın əsas səbəblərindən biri bir sıra məhsullar üzrə idxaldan yüksək asılılıqdır. Onun fikrincə, regional gərginliklər və İranla bağlı müharibə fonunda idxal inflyasiyası daha da güclənib.
O əlavə edib ki, dünya bazarında qiymət artımları şəraitində yerli kənd təsərrüfatı istehsalının genişləndirilməsi prioritet olmalıdır. Deputatın fikrincə, bu, idxal inflyasiyasının təsirlərini azaltmaqla yanaşı, istehlak bazarında qiymət sabitliyinin qorunmasına da töhfə verə bilər.
Vüsalə










