media-1706689228_mehriban

“Biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri ictimai müzakirələrə səbəb olub.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, bu cür yanaşmalar cəmiyyətdə artıq mövcud olan stereotipləri daha da gücləndirir.

Onun sözlərinə görə, məsələ ailə dəyərlərinin qorunması deyil, qadının cəmiyyətdəki rolunun məhdudlaşdırılması ilə bağlı mesajın verilməsidir:

“Bu fikri sıradan bir insan yox, strateji əhəmiyyət daşıyan təhsil müəssisəsinə rəhbərlik edən, sözünün ictimai təsiri olan bir şəxs səsləndirir. Vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxaraq ictimai mesaj xarakteri daşıyır”.

Mehriban Zeynalova qeyd edib ki, bu gün Azərbaycan qadınları həm ailədə, həm də ictimai həyatda mühüm rol oynayırlar:

“Qadınlar eyni anda həm ailəsini idarə edir, həm övlad tərbiyəsi ilə məşğul olur, həm də təhsili, biliyi və peşəkarlığı ilə çalışdığı müəssisələrin inkişafına töhfə verirlər. Təhsil alan, düşünən və ictimai həyatda iştirak edən qadın ailəni də daha sağlam və güclü edir”.

QHT sədri vurğulayıb ki, dövlət tərəfindən qadınların təhsildə, idarəetmədə və ictimai həyatda iştirakının artırılması istiqamətində uzun illərdir proqramlar həyata keçirilir:

“Gender bərabərliyi ilə bağlı öhdəliklərin götürüldüyü, qadınların iqtisadi güclənməsinin prioritet elan olunduğu bir dövrdə bu tip fikirlər dövlətin formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət təşkil edir”.

Mehriban Zeynalovanın fikrincə, qadının yalnız ev və mətbəxlə məhdudlaşdırıldığı cəmiyyətlər uzunmüddətli inkişaf modeli qura bilmir:

“Qadını ictimai həyatdan geri çəkmək cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir. Ailə dəyərlərini qorumaq başqa məsələdir, qadının yerini yalnız evlə müəyyən etmək isə tamam başqa məsələdir”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər