Kəlbəcər savaşının ağrısını yaşayan Xalq artisti
Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq artisti Lətifə Əliyevanın bu gün 82 yaşı tamam olur.
ERAmedia xəbər verir ki, uzun illər Azərbaycan səhnəsində və ekranında yadda qalan obrazlar yaradan sənətkar həm peşə fəaliyyəti, həm də keçdiyi çətin həyat yolu ilə hər zaman diqqət çəkib.
Lətifə Əliyevanın ailəsi də Qarabağ müharibəsinin ağrı-acısını yaşayan ailələrdən olub. Aktrisanın övladlarından biri 1992-ci ildə Kəlbəcər istiqamətində könüllü olaraq döyüşlərə qatılıb və ağır yaralanıb. Həmin hadisələr aktrisanın həyatında dərin iz buraxıb. Oğlunun sağlamlığı uğrunda uzun müddət mübarizə aparan sənətkar sonradan özü də ciddi sağlamlıq problemləri ilə üzləşib.
Lətifə Əliyeva yaş həddi ilə bağlı əmək fəaliyyətini öz istəyi ilə dayandırsa da, çalışdığı Gənc Tamaşaçılar Teatrı və Həmkarlar İttifaqı onunla əlaqəni davam etdirir.
Xalq artisti 1999-cu ildə Aygün Kazımovanın məşhur “Tənha qadın” mahnısına çəkilən klipdə də yer alıb. Aktrisa müxtəlif müsahibələrində həmin ekran işinin süjetinin şəxsi həyatında yaşadıqları ilə müəyyən bənzərlik təşkil etdiyini bildirib.
Lətifə Əliyeva illər ərzində Azərbaycan kino tarixində xüsusi yer tutan “Bəyin oğurlanması”, “Bircəciyim”, “Kişi sözü”, “Ovsunçu”, “Sarı gəlin”, “Şahid qız”, “Ümid” və “Yuxu” da daxil olmaqla bir sıra filmlərdə rol alıb. Onun yaratdığı obrazlar tamaşaçıların yaddaşında bu gün də yaşayır.
82 yaşını qeyd edən Xalq artisti Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi sənətsevərlərin hörmət və sevgisini qazanmağa davam edir.
Vüsalə









