Kilimancaronun qarları - İbrahim Nəbioğlu yazır...
“Kilimancaro – əbədi qarlarla örtülü 5895 metr yüksəklikdə yerləşən uca dağ silsiləsi olub Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsi onun qərb zirvəsini “Nqaye-Nqaya”, yəni “Tanrının evi” adlandırır. Zirvənin ən yüksək nöqtəsində soyuqdan donmuş bəbirin cəsədi var. Bəbiri bu yüksəkliyə nəyin çəkib gətirdiyini heç kim izah edə bilmir…”
– Ernest Heminquey, “Kilimancaronun qarları”
Görkəmli amerikalı yazıçının “Kilimancaronun qarları” (The Snows of Kilimanjaro) adlı hekayəsinin girişindəki bu sözlər təsadüfi bir təsvir deyil. Bu epiqraf çox güclü bir simvolik konstruksiyadır.
Kilimancaro geoloji olaraq sönmüş vulkan kompleksidir. Qarla örtülü zirvəsi tropik Afrikanın ortasında yerləşdiyi üçün özü-özlüyündə bir paradoksdur: istiliyin içində donmuş saflıq. Onun Masai mifologiyasında “Tanrının evi” adlandırılması da bu paradoksu tamamlayır: zirvə ilahi məkandır, aşağı dünya isə gündəlik həyat.
Heminqueyin möhtəşəm ideyası da elə bunun içindədir.
Bəbir instinktiv olaraq aşağıda, isti iqlimdə yaşamalı olan heyvandır. Amma o, müəmmalı bir şəkildə zirvəyə qədər qalxır və orada ölür. Bunu üç səviyyədə oxumaq olar:
1. Ambisiya və sərhədin aşılmasıBəbir öz təbii mühitindən çıxıb. Bu, insanın öz imkanlarını aşmaq istəyinin metaforasıdır. Amma nəticədə zirvə fəth olunur, həyat isə sonlanır. Yəni zirvə hər zaman “qələbə” demək deyil.
2. Saflıq və çirklənmə kontrastıƏsərin qəhrəmanı Harry mənəvi çürümə içindədir; bəbir isə zirvəyə çıxmağa nail olub, təmiz, soyuq, toxunulmamış bir məkanda ölüb. Hekayədə ölümün iki fərqli formasına vurğu edilir: biri fiziki, amma “təmiz”; digəri isə bioloji olaraq sağ olub daxildən çürüyərək.
3. İzah olunmayan motivHeminquey bəbirin o yüksəkliyə nə üçün qalxdığını demir, “heç kim izah edə bilmir” yazmaqla kifayətlənir. Hətta ipucu da vermir. Çünki böyük qərarlar çox vaxt rasional izahdan kənarda qalır; insanın zirvəyə varması bəzən məqsədsiz görünsə də izahsız deyil.
Böyük hekayə ustası izahını verməyib kənara çəkilərkən bunu deyir: insan iki cür ölür — zirvəyə qalxaraq, mənalı lakin təhlükəli şəkildə; ya da aşağıda qalaraq, təhlükəsiz amma daxildən çürüyərək. Heminquey birincini daha həqiqi hesab edir. Bəbirin o qarlı yüksəkliyə niyə qalxdığı bilinmir, amma bir şey açıq-aşkardır: o, aşağıda qalmaq istəmədi…
Ernest Heminqueyin 1936-cı ildə yazdığı bu hekayə dünya ədəbiyyatının klassik nümunələrindən biridir və məncə, hər kəs oxumalıdır. Hekayənin mərkəzində ölmək üzrə olan yazıçı Harry dayanır. O, istedadını və arzularını lüks, rahatlıq və tənbəllik uğrunda fəda etmişdir; ölüm ayağında isə bu gerçəyi anlamağa başlayır. Bu səhnələr oxucunu özü haqqında düşünməyə məcbur edir. Harry ölüm qarşısında maskanı çıxarır – nə bəhanə axtarır, nə də gerçəkdən qaçır. Heminquey göstərir ki, insan ən çox güzgüdən qaçır. Harry yazmaq istədiyi onlarca hekayə olduğunu, amma yazmadığını xatırlayır. Bu, istedadın hədər getməsinin ən güclü ədəbi obrazlarından biridir.
Türk mətbuatında “Ölmədən öncə görüləsi işlər” maraqlı bir rubrika var. Ölmədən öncə görüləsi yerlər, ölmədən öncə izlənəsi filmlər, ölmədən öncə oxunmalı kitablar… “Kilimancaronun qarları” da məhz belə oxunmalı kitablardandır…
Bu əsərin ekranlaşdırması da öz dövrünün sevimliləri sırasında idi. 1952-ci ildə çəkilmiş film hekayənin tam kanonik ekranlaşdırması sayılmasa da çox populyar oldu.
Film nominal olaraq Heminqueyin hekayəsinə əsaslansa da orijinal əsərdəki qatı ekzistensial xətt yumşaldılıb. Rejissor Henri King ekran əsərini daha çox romantik drama və keçmiş xatirələr üzərində qurub; bununla da Heminqueyin qaranlıq, fatalist tonundan uzaqlaşdırılıb. Başqa sözlə, Kingin filmi klassik Hollywood adaptasiyasıdır.
Ekran əsərini görməyənlərə tövsiyyə edirəm. Baş roldakı Qreqori Pek, xüsusilə də əfsanəvi Ava Gardner və Syuzen Heyvord mükəmməldirlər. Afrikada çəkilmiş geniş planlar o dövr üçün ciddi istehsal səviyyəsi sayılırdı; rəngli kinematoqrafiyanın erkən uğurlu nümunələrindən biri olduğunu düşünürəm. Vizual baxımdan epik macəra hissi yaradır. Amma…
Heminqueyin mətnindəki ölüm qaçılmazdır, həyatın mənasızlıq riski isə filmdə aradan qaldırılıb – insan xilas ola bilir, emosional bağlar ön plana çəkilib. Yəni ədəbiyyat sərt tonundan sıyrılmış, daha “satılan” bir versiyaya çevrilib.
Bu yazıya “donmuş bəbir” metaforasından başladım. Heminqueyin nəhəngliyini onun qədər heç nə göstərmir. Təəssüf ki, Hollivud bu metaforanın ağırlığını tam ekrana daşıya bilməyib.
Film öz dünyasında uğurludur, amma Heminqueyin zirvəsinə çatmır. Görkəmli yazıçının bütün əzəmətini onun ölümsüz hekayəsində görürük.









