Kremlin Kiyevlə bağlı xəbərdarlığına REAKSİYA: “Bu, diplomatik təzyiqdir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması beynəlxalq diplomatik çevrələrdə ciddi narahatlıq doğurub.
Siyasi şərhçi Elxan Şahinoğlu məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, Zaxarovanın Kiyevdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə yönəlmiş mesajı açıq şəkildə şantaj xarakteri daşıyır.
Onun sözlərinə görə, Rusiyanın Kiyevə raket zərbələrini davam etdirəcəyini vurğulaması və bunun fonunda səfirlikləri xəbərdar etməsi faktiki olaraq müxtəlif ölkələrə təzyiq cəhdi kimi qiymətləndirilməlidir.
“Mesajın mahiyyəti ondan ibarətdir ki, əgər Kiyevdəki səfirliklər fəaliyyətini dayandırmasa, baş verəcək təhlükənin məsuliyyəti həmin ölkələrin üzərinə düşəcək. Bu isə diplomatik dildə açıq təzyiqdir”, – deyə Elxan Şahinoğlu bildirib.
Siyasi şərhçinin sözlərinə görə, Kiyevdə raket zərbələrindən ən çox zərər görən diplomatik nümayəndəliklərdən biri Azərbaycana məxsus səfirlik olub. Buna baxmayaraq, Ukraynada müharibənin ilk və ən ağır günlərində belə Azərbaycanın diplomatik missiyası fəaliyyətini dayandırmayıb.
“Elə 2022-ci ildə Rusiya ordusu Kiyevə yaxınlaşanda, paytaxtı nəzarətə götürmək cəhdi zamanı xarici ölkələrin əksəriyyəti diplomatik fəaliyyətini davam etdirirdi. İndi isə Moskvanın səfirliklərin bağlanmasını istəməsi siyasi və psixoloji təzyiq vasitəsi kimi görünür”, – deyə o vurğulayıb.
Elxan Şahinoğlu hesab edir ki, hər bir dövlət xaricdə çalışan diplomatlarının təhlükəsizliyini nəzərə almalıdır. Ancaq onun fikrincə, yalnız Moskvanın istəyinə görə Kiyevdəki səfirliklərin fəaliyyətini dayandırmaq Rusiyanın təzyiqi qarşısında geri çəkilmək anlamına gələ bilər.
“Bu qərarı hər ölkə özü verməlidir. Amma Kreml istəyir deyə diplomatik missiyanı bağlamaq Rusiyanın yaratdığı təzyiqə boyun əymək kimi dəyərləndirilə bilər”, – deyə siyasi şərhçi əlavə edib.
Vural










