Kremlin Paşinyan siyasəti: Medvedev təhqir edir, Putin təbrik göndərir
Rusiya prezidenti Vladimir Putinlə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə fərqli ritorika sərgiləməsi Kremlin İrəvan siyasətində diqqət çəkən yeni mərhələ kimi dəyərləndirilir.
Siyasi təhlilçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Moskva Paşinyana qarşı klassik “yaxşı polis – pis polis” taktikasından istifadə edir. Onun sözlərinə görə, Putin bir tərəfdən “İrəvan seçim etməlidir” mesajı ilə Ermənistana siyasi xəbərdarlıq edir, digər tərəfdən isə Paşinyana zəng edərək onu ad günü münasibətilə təbrik etməklə münasibətlərin tam qırılmadığını nümayiş etdirir.
“Elə həmin gündə Dmitri Medvedevin Paşinyan barədə təhqiramiz paylaşım etməsi təsadüfi sayıla bilməz. Əgər Putin istəsəydi, yaxın ətrafına belə açıqlamalardan çəkinmək barədə bir kəlmə deməsi kifayət edərdi. Amma Kreml bunu etmir. Əksinə, dövlət nəzarətində olan televiziya kanallarında və siyasi şərhçilər vasitəsilə Paşinyana qarşı sərt ritorika davam etdirilir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Politoloqun fikrincə, Putinin Paşinyanı ad günü münasibətilə təbrik etməsi həm də Ermənistanda 7 iyun parlament seçkiləri ilə bağlı Kremlin siyasi hesablamasından xəbər verir.
“Putin görünür hesab edir ki, Paşinyan seçkilərdə üstünlüyünü qoruyacaq və növbəti siyasi mərhələdə də Ermənistanın əsas qərarvericisi olaraq qalacaq. Bu halda Kreml Paşinyanı sərt tənqid etməklə ona təzyiq göstərir, eyni zamanda isə onunla işləməyə davam etmək imkanını açıq saxlayır”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Təhlilçinin qənaətinə görə, Kremlin yaxın çevrəsinin Paşinyana qarşı sərt və təhqiramiz çıxışları davam edə bilər, lakin Moskva üçün əsas prioritet İrəvanda siyasi proseslərdən sonra da Ermənistan rəhbərliyi ilə dialoqu saxlamaqdır.
“Elə görünür ki, aşağı səviyyədə təhqirlər davam edəcək, Putin isə siyasi reallığı nəzərə alaraq Paşinyanla növbəti illərdə də münasibətləri davam etdirmək məcburiyyətində qalacaq”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Vural










