Lukaşenko 4 gündür yoxa çıxıb
Belarus prezidenti Aleksandr Lukaşenkonun 28 noyabrda Omana etdiyi səfər planlaşdırılan müddəti aşaraq 4 gün uzanıb. Lakin səfərə dair heç bir yeni məlumat paylaşılmayıb.
ERAmedia-nın məlumatına görə, Lukaşenkonun ofisi də daxil olmaqla heç bir rəsmi qurum səfər barədə məlumat verməyib.
Ani məlumat kəsilməsi Belarusda və sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər “Lukaşenko öldü?” sualını gündəmə gətirərkən, bəzi iddialarda Omanın Belarus liderini saxladığı irəli sürülüb. Müxalif media orqanları isə birbaşa “Lukaşenko itdi” başlıqlarına yer verib.
Lukaşenkonun Omana enişində diqqət çəkən digər məqam isə dövlət başçısına tətbiq olunan yüksək səviyyəli protokolun olmaması olub. Lukaşenkonun dövlət başçısı kimi deyil, sanki “işçi heyət üzvü” kimi qarşılandığı bildirilib. Belarus müxalifətinin önəmli simalarından, Birləşmiş Keçid Kabinetinin vitse-prezidenti Pavel Latuşka “X” sosial media platforması hesabında yazaraq səfərin “nə dövlət səfəri, nə də rəsmi səfər” kriteriyalarına cavab vermədiyini bildirib. O, Oman protokolunda gözlənilən şərəf nizami, yüksək səviyyəli qarşılama heyəti və digər mərasim elementlərinin heç birinin olmamasını vurğulayaraq vəziyyəti “absurd” adlandırıb.
Hər iki ölkənin sessizliyi isə “Bu səfərin məqsədi nə idi? Niyə uzadıldı? Lukaşenko haradadır?” suallarının cavabını gecikdirir.
Belarus dövlət mediası səfər başlamazdan əvvəl proqramı “işçi səfəri” kimi elan etmişdi. Planlaşdırılan gündə Lukaşenkonun Oman Sultanı Həysəm bin Təriq əl Said ilə görüşməsi və iki ölkə arasında son illərdə sürətlənən əlaqələrin detallandırılması nəzərdə tutulurdu. Açıqlamalarda 2024-cü ildə aparılan təmaslara və 2025-ci ilin oktyabrında Sultan Həysəmin Minsk ziyarətində imzalanan Yol Xəritəsinə istinad olunurdu. Maskatda keçirilməsi planlaşdırılan görüşlərin mövcud razılaşmaların tətbiqini və birgə layihələrin praktik mərhələyə keçməsini əhatə edəcəyi bildirilib.
Lukaşenkonun təyyarəsi 28 noyabr axşamı Maskata enib və Oman İnvestisiya İdarəsi rəhbəri Abdulsalam əl Mürşidi tərəfindən qarşılanıb.
Bu qarşılanmadan sonra səfər və görüşlərə dair heç bir rəsmi yeniləmə verilməyib. Səfərin məqsədi, məzmunu və nəticələrinə dair qeyri-müəyyənlik davam edir və sessizliyin nə vaxt pozulacağı maraqla gözlənilir.
Vural Həsənoğlu









