Makrondan sərt mesaj: “Bu, qəbuledilməzdir”
Fransa prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının qalibi olan Paris Saint-Germain futbolçularını Yelisey Sarayında qəbul edərkən, çempionluq bayramı zamanı baş verən zorakılıq hadisələrinə də münasibət bildirib. Makron qeyd edib ki, bayram gecəsində yaşanan mənzərəyə alışmaq olmaz.
ERAmedia xəbər verir ki, paytaxt Paris başda olmaqla ölkənin bir çox şəhərində qeydə alınan hadisələrə toxunan Fransa prezidenti gecə boyu müşahidə olunan zorakılığı qəbuledilməz adlandırıb. O bildirib ki, qeyd etmələr artıq idmanın və futbolun ruhundan uzaqlaşıb və yaşananları “təsvirolunmaz” kimi qiymətləndirib.
UEFA Çempionlar Liqasının qalibi olan PSG-ni Parisdəki Yelisey Sarayında qəbul edən Makron çıxışı zamanı deyib:
“Paris və digər şəhərlərdə gecənin böyük hissəsində qəbuledilməz zorakılıq səhnələri gördük. Buna alışmağımızı istəmirəm.”
Prezident baş verən hadisələr zamanı xidmət aparan Fransanın daxili işlər naziri Laurent Nunez, Paris polis prefekti Patrice Faure və bütün təhlükəsizlik qüvvələrinə təşəkkür edib.
Makron əlavə edib:
“Bu, futbol deyil, bu, idman deyil, bu bizim sevdiyimiz şey deyil. Saxlanılan hər kəsə qarşı güzəştsiz davranacağıq. Artıq bunu görmək istəmirik, bezmişik”.
Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, PSG-nin şəhərdə təşkil etdiyi yürüş zamanı Champs-de-Mars ərazisi yaxınlığında azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb. Polis kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.
Digər tərəfdən, komandanın Çempionlar Liqası kubokunu azarkeşlərə təqdim etməsinin gözlənildiyi Parc des Princes stadionunun ətrafında da gərginlik artıb.
Bileti olmayan bəzi azarkeşlər stadiona daxil olmaq üçün giriş nöqtələrini keçməyə çalışıb, polis isə vəziyyətə müdaxilə edib.
PSG UEFA Çempionlar Liqasının finalında mayın 30-da İngiltərə təmsilçisi “Arsenal” üzərində qələbə qazanaraq çempion olub.
Komandanın qələbəsini qeyd etmək üçün Fransa üzrə minlərlə insan küçələrə çıxıb. Lakin 71 şəhərdə iğtişaşlar baş verib.
Ölkənin təxminən 15 şəhərində mağazalar talan edilib, Parisdə isə polis və azarkeşlər arasında qarşıdurmalar yaşanıb.
Fransanın daxili işlər naziri Nunez baş verən hadisələrlə əlaqədar ölkə üzrə 457 nəfərin saxlanıldığını açıqlayıb.
Vural










