media-4541e41cf37ddad0dc1ede6aed8ec607_20127_18

İnsan davranışları və emosional reaksiyalar çox vaxt görünəndən daha dərin səbəblərlə bağlı olur.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri bu dəfə diqqət çəkən açıqlaması ilə insanın daxili dünyası və başqalarına münasibəti barədə maraqlı fikirlər səsləndirib. Sənətçi bildirib ki, bəzi hallarda insanın kiməsə qarşı hiss etdiyi güclü qıcıq və ya sərt münasibət əslində onun öz daxilində qəbul etməkdə çətinlik çəkdiyi tərəflərlə bağlı olur. Onun sözlərinə görə, bu cür emosional reaksiyalar çox zaman insanın özü ilə apardığı daxili mübarizənin fərqli formada üzə çıxmasıdır. Nura Suri qeyd edib ki, hər kəsin reaksiyasının arxasında eyni səbəb dayanmasa da, bəzi hallarda ən sərt mühakimələr insanın öz içində gizlətdiyi hisslərlə əlaqəli ola bilər.

Nura Suri bildirib ki, psixoanalizin banisi Ziqmund Freydin yanaşmasına görə insan bəzən özündə boğduğu, “olmaz”, “ayıbdır”, “təhlükəlidir” deyə şüuraltına sıxdığı istəkləri başqasında görəndə buna çox kəskin reaksiya verir.

Müğənninin sözlərinə görə, məsələn özü risk etməyə qorxan biri daha sərbəst yaşayan insanı “ədəbsiz” adlandıra, daxilində aqressiya daşıyan biri sərt və dominant xarakterli insanlara həddindən artıq nifrət edə bilər. Həmçinin gizli şəkildə tanınmaq və şöhrət qazanmaq istəyən biri məşhur insanları “boş adam” kimi qiymətləndirə bilər.

Nura Suri vurğulayıb ki, Freyd bu vəziyyəti “repressiya” və “proyeksiya” anlayışları ilə izah edirdi. Repressiya insanın müəyyən arzuları və ya hissləri öz daxilində basdırması, proyeksiya isə həmin hissləri başqasına aid etməsi kimi izah olunur.

Müğənni əlavə edib ki, bəzən insanın ən sərt şəkildə mühakimə etdiyi məqam əslində onun özündə qəbul edə bilmədiyi tərəf ola bilər. Bununla yanaşı, o qeyd edib ki, hər qıcıq və ya sərt münasibətin səbəbini bununla bağlamaq düzgün deyil: insanlar bəzən real zərərə, ədalətsizliyə və ya təhlükəli davranışlara qarşı da təbii şəkildə reaksiya verirlər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər