Naxçıvanda dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO
Fevralın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Naxçıvanda dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib.
ERAmedia xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də dövlət orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev çıxış edərək bildirib ki, dövlət satınalmaları sahəsində həyata keçirilən islahatlar Prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir. Son illər dövlət satınalmaları sahəsində qanunvericilik bazası müasirləşdirilərək normativ-hüquqi mexanizmlər təkmilləşdirilib, elektron satınalma sisteminin tətbiqi genişləndirilərək institusional nəzarət daha da gücləndirilib. Eyni zamanda elektron satınalma platformalarının tətbiqi prosedurların operativliyini və əlçatanlığını artırmaqla yanaşı, şəffaflıq və hesabatlılıq səviyyəsini yüksəldərək bütün sahibkarlıq subyektləri üçün bərabər rəqabət mühiti formalaşdırıb.
Baş nazir qeyd edib ki, satınalma sistemində institusional möhkəmləndirmə gücləndirilərək prosedurların keyfiyyəti yüksəldilib, əsassız nağdların sayı azaldılıb, şəffaflıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 1463 satınalma proseduru üzrə 305,4 milyon manat məbləğində satınalma həyata keçirilib. Satınalma metodları üzrə təhlillər göstərir ki, açıq tender üsulu ilə 282 satınalma üzrə 248,6 milyon manat, kotirovka sorğusu üsulu ilə 813 satınalma üzrə 14,6 milyon manat, 368 halda bir mənbədən satınalma üzrə 42,2 milyon manat məbləğində vəsait sərf olunub. Ləğv edilən müsabiqələrə də nəzər yetirən Baş nazir diqqətə çatdırıb ki, 2024-cü illə müqayisədə ötən il ləğv edilən satınalmalar 73,5 milyon manat təşkil edib. Yetərsay iştirak olmaması səbəbindən ləğv edilən satınalmaların sayı 33, məbləğində isə 51 faiz azalma qeydə alınıb. İddiaçıların şərtlərə uyğunsuzluğu ləğvlərinin sayında 74, məbləğində isə 70 faiz azalma baş verib. Bu da təsisatçıların peşəkarlıq səviyyəsinin yüksəldiyini göstərir. Satınalan təşkilatların nöqsanları səbəbindən ləğvlərin sayında 93, məbləğində isə 73 faiz azalma müşahidə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, 2024-cü ildən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi iqtisadi münasibətlərdə şəffaflığı və rəqabəti artırmaqla yanaşı, yerli sahibkarlıq subyektlərinin bazara çıxış imkanlarını da genişləndirib. 2025-ci ildə ölkədə 19 min dövlət satınalma proseduru keçirilib. Satınalmaların ümumi maliyyə həcmi 10,8 milyard manat olub. Bu isə əvvəlki illə müqayisədə 10 faizədək artım deməkdir. Ötən il müsabiqələr üzrə orta iştirakçı sayının 3,5 olması isə rəqabətli mühitin gücləndiyini və sahibkarlıq subyektlərinin satınalma proseslərinə marağının artdığını göstərir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı çərçivəsində agentlik tərəfindən həyata keçirilən tədbirlərə də nəzər salan agentliyin sədri vurğulayıb ki, dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası ilə bağlı təkliflər hazırlanıb və müzakirələr aparılıb. Eyni zamanda 2023-cü il ərzində satınalma sahəsində şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları və satınalan təşkilatlar üçün təlimlər keçirilib, portalın istifadəsi, eləcə də yeni qanunun tətbiqi üzrə praktiki izahlar verilib. Görülmüş bu tədbirlər nəticəsində 2024-cü ildən etibarən muxtar respublikada həyata keçirilən bütün elektron dövlət satınalmalarının vahid platforma üzərindən icrası tam təmin olunub.
Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı tərəfindən yeni satınalma qaydaları ilə bağlı təlim keçirilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.










