media-174288542415181413_1200x630

Dünya bazarında neftin qiymətinin artması Azərbaycanın dövlət büdcəsinə əlavə vəsait daxilolmalarına imkan yarada bilər.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb və bu rəqəm illik orta qiymət kimi nəzərdə tutulur. Onun sözlərinə görə, qısamüddətli dövrdə qeydə alınan qiymətlər illik orta göstərici ilə tam müqayisə edilə bilməz.

Vüqar Bayramov qeyd edib ki, beynəlxalq statistik məlumatlara görə, bu ilin yanvar ayında Brent markalı neftin bir barelinin orta qiyməti 62,54 dollar, fevral ayında isə 66,6 dollar təşkil edib. Bəzi digər hesablamalara əsasən isə bu göstəricilər müvafiq olaraq 66,6 və 70,8 dollar səviyyəsində olub. Deputat vurğulayıb ki, 2026-cı ilin ilk aylarında dünya bazarındakı qiymətlər büdcədə nəzərdə tutulan göstəricidən cüzi fərqlənib. Bununla belə, mart ayının ilk həftəsində neftin qiyməti 84–90 dollar intervalında dəyişib.

Deputat xatırladıb ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin, yəni 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bu məbləğin 12,8 milyard manatı Dövlət Neft Fondundan büdcəyə transferlərdir.

Onun sözlərinə görə, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərə bilər. Qeyri-neft sektorundan daxilolmalara isə əsasən dolayı təsirlər müşahidə olunur. Deputat bildirib ki, Neft Fondundan büdcəyə transferlər fondun öz gəlirləri hesabına həyata keçirildiyi üçün həmin məbləğin neftin qiyməti ilə birbaşa əlaqəsi yoxdur. Lakin yüksək qiymətlər Neft Fondunun ümumi gəlirlərinin və valyuta ehtiyatlarının artmasına səbəb olur.

Vüqar Bayramovun sözlərinə görə, illik orta qiymət daha yüksək olacağı təqdirdə neft və qaz sektorundan dövlət büdcəsinə daxilolmalar da artacaq.

Deputat əlavə edib ki, büdcə gəlirlərinin artması milli təhlükəsizliyin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də sosial müdafiə tədbirlərinin genişləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsait ayrılmasına imkan yaradır. Onun fikrincə, əlavə gəlirlər eyni zamanda qeyri-neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatının güclənməsinə də şərait yaradır.

Deputat vurğulayıb ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət balansında maraqlıdır. Bununla belə, enerji ixrac edən ölkələr üçün yüksək neft qiymətləri daha çox valyuta gəlirləri deməkdir.

Vural


media-adspc

Bənzər xəbərlər