Neft bazarında sabitlik axtarışı: Qərb ölkələri birgə addım atır - AÇIQLAMA

- Eylem Okumuş
İranda baş verən müharibədən sonra qlobal neft bazarında ciddi dalğalanmalar müşahidə olunur.
Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, yaranan qeyri-müəyyənliyi azaltmaq üçün Beynəlxalq Enerji Agentliyi (IEA) üzv ölkələrdən ümumilikdə 400 milyon barel strateji neft ehtiyatını bazara çıxarmağı istəyib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi qısa müddətdə qiymətlərin kəskin artımını nəzarətdə saxlamaq və bazara “vəziyyət idarə olunur” mesajını verməkdir. Okumuş qeyd edib ki, Yaponiya, Almaniya və Avstriya da bu təşəbbüsə qoşulduqlarını açıqlayıblar.
“Almaniya təxminən 19,5 milyon barel strateji ehtiyatdan istifadə edəcəyini bildirib. Digər ölkələr də öz paylarını bazara təqdim edəcəklər. Lakin burada əsas məsələ yalnız bir neçə ölkənin addımı deyil. IEA-ya üzv olan 32 ölkənin koordinasiyalı şəkildə hərəkət etməsi bazara verilən mesajın təsirini daha da gücləndirir”, – deyə o vurğulayıb.
Ekspertə görə, hadisənin həm iqtisadi, həm də siyasi tərəfləri var. O bildirib ki, Hörmüz boğazında yaranan risklər neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub və ehtiyatların bazara buraxılması qısa müddətdə təklifin artmasına, nəticədə qiymətlərin sabitləşməsinə kömək edə bilər.
Okumuş həmçinin əlavə edib ki, bu qərarın siyasi tərəfi də diqqət çəkir. “Qərb ölkələri İran və regiondakı digər aktorlara qarşı birlikdə hərəkət edə bildiklərini göstərirlər. Bu addım enerji təchizatının asanlıqla kəsilə bilməyəcəyinə dair açıq mesajdır və Avropa ilə Asiyanın enerji təhlükəsizliyi baxımından mühüm siqnaldır”, – deyə o bildirib.
Bununla belə, ekspert təsirin daha çox qısa müddətli ola biləcəyini qeyd edib. Onun fikrincə, müharibə davam etdiyi müddətdə neft bazarında dalğalanmaların tam dayanması çətin görünür.
“Buna baxmayaraq, ən vacib nəticə odur ki, böhran anlarında beynəlxalq əməkdaşlıq mexanizmləri sürətlə işə düşə və bazara sabitlik mesajı verə bilir”, – deyə Eylem Okumuş qeyd edib.










