O, sizin dostunuz deyil: ChatGPT haqqında 4 xoşagəlməz FAKT
Neyroşəbəkələr sürətlə dünyanı bürüyür və ChatGPT məişət və iş tapşırıqları üçün süni intellektin sinoniminə çevrilib. Bir çox insan ona o qədər güvənir ki, onun qüsurlarını unudur.
ERAmedia xəbər verir ki, BGR nəşrinin yazdığına görə, ChatGPT həqiqətən də istifadədə olduqca rahatdır, lakin hələ də diqqətdən kənarda qalmamalı olan zəif cəhətləri var. ChatGPT-dən istifadə edərkən yadda saxlamağa dəyər olan 4 xüsusiyyət aşağıdakılardır:
Süni intellektli çat-botlar rahat ünsiyyət qurmağı və suallara inamla cavab verməyi bacarır. Lakin fakt ondan ibarətdir ki, bu cavablar bəzən səhv ola bilər. Peşəkar dildə neyroşəbəkələrin belə yanlış cavabları “hallüsinasiyalar” adlanır, çünki süni intellekt bəzən kifayət qədər məlumatı olmadıqda faktları uydura bilir. Məhz buna görə də ChatGPT-nin verdiyi məlumatları xüsusilə vacib mövzularda mütləq yoxlamaq və ilkin mənbələrə birbaşa istinadlar tələb etmək tövsiyə olunur.
Çat-bot canlı insan söhbətini təqlid edəcək şəkildə proqramlaşdırılıb. Buna görə də bəzi insanlar ChatGPT-yə dost kimi, hətta daha artıq dərəcədə emosional bağlılıq hiss edə bilirlər. Məsələn, bir qadının bu neyroşəbəkə ilə virtual sevgi romanı yaşadığına dair xəbərlər olub, ən azı o, bunun sevgi romanı olduğunu düşünüb. Lakin unutmaq olmaz ki, ChatGPT insan deyil, onun maraqları, istəkləri, emosiyaları və ümumilikdə şəxsi kimliyi yoxdur. O, sadəcə əvvəlcədən yazılmış alqoritmlərə uyğun olaraq verilən göstərişlərə reaksiya verir.
ChatGPT-nin son versiyaları cari söhbəti yadda saxlamaq və deyilənlərin kontekstində cavab vermək üçün hazırlanıb. Ancaq bu yaddaşın həcmi məhduddur, söhbətin cəmi bir neçə səhifəlik hissəsi saxlanıla bilir. Buna görə də ChatGPT aylar əvvəl ona deyilənləri xatırlaya bilmir. Bundan əlavə, istifadəçi haqqında məxfi şəxsi məlumatları saxlamaq ona qadağandır.
Mütəxəssislər çat-botlara heç bir məxfi məlumat ötürməməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, ChatGPT platformanı təkmilləşdirmək məqsədilə istifadəçilərlə aparılan söhbətlərdən qeyri-şəxsi məlumatlar (daxil edilən sorğular, yüklənən fayllar və s.) toplaya bilər. Bundan əlavə, ChatGPT-nin Məxfilik Siyasətində açıq şəkildə qeyd olunur ki, istifadəçidən əldə edilən məlumatlar müvafiq sorğu olduqda hüquq-mühafizə orqanlarına təqdim edilə bilər.
Bu arada, “OpenAI” şirkəti süni intellekt alətlərinin işçilərin məhsuldarlığına təsiri barədə hesabat dərc edib. 100 şirkətdən 9 min əməkdaşın iştirak etdiyi sorğunun nəticələrinə görə, iştirakçılar ChatGPT sayəsində gündə orta hesabla 40–60 dəqiqəyə qənaət etdiklərini bildiriblər. Təxminən 75% respondent isə süni intellektin tapşırıqların icrasını sürətləndirdiyini və ya keyfiyyətini artırdığını düşünür. Şirkət həmçinin “aparıcı” firmaların ChatGPT-dən digərlərinə nisbətən altı dəfə daha aktiv istifadə etdiyini iddia edir.
Lakin bu nəticələr bir sıra akademik tədqiqatlarla ziddiyyət təşkil edir. Xüsusən MIT-nin araşdırmasında bildirilir ki, on milyardlarla dollar sərmayəyə baxmayaraq, şirkətlərin 95%-ində süni intellektə qoyulan investisiyalardan nəzərəçarpacaq gəlir əldə olunmayıb. Harvard “Business Review” bu cür nəticələri “workslop” (real mənfəətə təsir göstərmədən məhsuldarlıq illüziyası yaradan fəaliyyət — red.) kimi xarakterizə edib.
Vural Həsənoğlu










