Ölənlərin sayı 604 nəfərə çatıb
İndoneziyada son günlər hökm sürən əlverişsiz hava şəraiti insanların həyatına ciddi təsir göstərməkdə davam edir.
ERAmedia xəbər verir ki, ölkənin Təbii Fəlakətlərin İdarəedilməsi üzrə Milli Agentliyinin (BNPB) məlumatına görə, Sumatra adasında leysan yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 604 nəfərə yüksəlib. Təxminən 500 nəfərin axtarışları isə hələ də davam etdirilir.
BNPB rəsmiləri bildiriblər ki, Sumatranın şimalında, xüsusilə Cənub Tapanuli, Mərkəzi Tapanuli və Sibolga bölgələrində əsas nəqliyyat yolları bağlı qalır və genişmiqyaslı dağıntılar xilasedici əməliyyatları ləngidir.
Rabitə əlaqə xətləri qismən bərpa edilib. Şimal Tapanulidə vəziyyət nisbətən stabilləşsə də, Cənub Tapanulinin bəzi kəndləri hələ də “Starlink”in fövqəladə rabitə terminallarından istifadə etmək məcburiyyətindədir.
Mərkəzi Tapanulidə ciddi fasilələr qalmaqdadır, Sibolgada isə rabitə şəbəkələri əsasən sabitdir. İndoneziya Meteorologiya Agentliyi hava şəraitinin növbəti bir neçə gün ərzində də əlverişsiz olacağı barədə xəbərdarlıq edib.
İndoneziyanın Fəlakətlərlə Mübarizə Agentliyinin rəhbəri Suxaryanto bildirib ki, adanın şimal hissəsi təbii fəlakətdən ən çox zərər çəkən bölgədir. Çətin relyef, dağıdılmış yollar və davam edən pis hava şəraiti xilasetmə işlərini xeyli çətinləşdirir.
Vural Həsənoğlu









